Araşdırmanı Yaponiyanın Kyoto Universitetinin alimləri aparıb. Tədqiqatda ümumilikdə 48 pişik iştirak edib. Onlardan 29-u müxtəlif insan və heyvanlarla mütəmadi təmasda olan pişik kafelərində, 19-u isə ən azı iki başqa pişiklə birlikdə yaşayan evlərdə saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə "A-Z Animals" yazıb.
Təcrübə zamanı pişiklərə əvvəlcə tanıdıqları başqa bir pişiyin adı səsləndirilib, daha sonra ekranda həmin heyvanın və ya başqa pişiyin şəkli göstərilib. Ev pişikləri adla görüntü uyğun gəlmədikdə ekrana daha uzun müddət baxıblar. Alimlər bunu onların müəyyən bir adı konkret pişiklə əlaqələndirdiyinə dair sübut kimi qiymətləndiriblər.
Pişik kafelərində yaşayan heyvanlarda isə eyni reaksiya müşahidə olunmayıb. Tədqiqatçılar bunu onların ətrafındakı heyvanların tez-tez dəyişməsi ilə izah edirlər. Ev pişikləri isə daha sabit mühitdə eyni heyvanların adlarını dəfələrlə eşitdikləri üçün bu əlaqəni daha asan formalaşdıra bilirlər.
Araşdırmanın ikinci mərhələsində pişiklərin insan adlarını da üzlərlə əlaqələndirib-əlaqələndirmədiyi yoxlanılıb. Bu hissədə bir neçə insanın yaşadığı evlərdə saxlanılan 26 pişik iştirak edib. Heyvanlara əvvəlcə ailə üzvünün adı səsləndirilib, ardınca həmin şəxsin və ya başqa ailə üzvünün fotosu göstərilib.
Pişiklər adla üz uyğun gəlmədikdə ekrana daha uzun baxıblar. Bu reaksiya ailəsi ilə daha uzun müddət yaşayan və daha çox insanın olduğu evlərdə saxlanılan pişiklərdə daha aydın müşahidə edilib.
Tədqiqatçılar hesab edirlər ki, nəticələr pişiklərin sözləri, adları və konkret şəxslər arasında əlaqə yaratmaq qabiliyyətinə malik olduğunu göstərir. Onların fikrincə, pişiklər bu assosiasiyaları xüsusi təlim keçmədən, gündəlik həyat zamanı formalaşdıra bilirlər.
Beləliklə, araşdırma pişiklərin insanlarla və digər heyvanlarla ünsiyyətdə istifadə olunan adları düşündüyümüzdən daha yaxşı qavradığını göstərən yeni elmi dəlillər ortaya qoyub.
Samir


