“Kürdəmir rayonu Pirili kəndində vətəndaş məsuliyyətsizliyi səbəbindən onlarla insanın koronavirusa yoluxması faktı çox üzücüdür. Aylardır həkimlərin və digər tibb işçilərinin gecəsini gündüzünə qataraq çəkdikləri əziyyəti yerə vurmaqdır! Eləcə də bu mübarizədə həyatını itirmiş tibb işçilərinin ruhuna qarşı hörmətsizlikdir! Həmçinin bunu edən insanların öz sağlamlığına qarşı yolverilməz biganəliyidir! Ümumiyyətlə pandemiya dövründə yas mərasimlərinin keçirilməsi qadağan edilməlidir!”
HİT.Az xəbər verir ki, bu sözləri "Facebook" hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim eyni zamanda yas mərasimlərində yoluxmanın çox olmasının tibbi cəhətdən izahını da qeyd edib:
“Yas mərasimində insanlar ağlayır, bu zaman yuxarı tənəffüs yollarının selikli qişasının selik ifrazı artır, bu vəziyyətdə ağlamağa və danışmağa davam etdikcə yoluxmuş insandan adi vəziyyətdəkinə nisbətən qat-qat artıq miqdarda virus ətrafa yayılır. Ona görə də yas mərasimlərində hər zaman yoluxmalar daha çox olur. İnsanlara yas mərasimi keçirməyin yalnış olduğunu başa salsınlar. Yoxsa belə davam etsə biz pandemiyaya necə qalib gələcəyik? Hamı öz sahəsinə uyğun əksepidemik tədbirlərə kömək etməlidir. Biz zəruri fəaliyyət sahələrinin və insanların sağlamlığı üçün vacib olan dəniz-çimərlik və açıq havada yerləşən istirahət məkanlarının açılmasını təklif edirik, lakin insanlar yas mərasimlərinə, toy, nişan, ad günü məclislərinə getməsə dünya dağılmayacaq.
Bir sözlə insanların sağlamlığı, immunitetinin gücləndirilməsi və yaşamaq üçün zəruri olan fəaliyyət sahələrindən başqa bütün digər fəaliyyətlər və tədbirlər qadağan edilməlidir! Ölkə daxilində bir rayondan və ya şəhərdən digərinə getmək istəyən şəxslər mütləq test analizi verməlidir və yalnız analizin cavabı neqativ olan və xəstəliyi keçirib tam sağalmış insanlara icazə verilə bilər”.