5 avqust tarixindən sonra karantin rejimi yumşalsa da... - AÇIQLAMA

ÖLKƏ
20:35 / 29.07.2020
2112

"5 avqusta kimi sağalma sayının artması və yoluxanların sayının azalması, yəqin ki, sərt karantin rejiminin hansısa şəraitə uyğun şəkildə davam etdirilməsinə zərurət yaradacaq".

HİT.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, 5 avqustda sərt karantin rejiminin aradan qaldırılacağı haqqında söhbətlər gəzir, lakin, 5 avqusta qədər hələ vaxt var və bu müddət ərzində Operativ Qərargah və onun müəyyənləşdirdiyi qaydalar bəyan olunacaq: "Bu müddət ərzində epidemioloji vəziyyət nəzərə alınacaq. Yəni, 5 avqusta kimi sağalma sayının artması və yoluxanların sayının azalması, yəqin ki, sərt karantin rejiminin hansısa şəraitə uyğun şəkildə davam etdirilməsinə zərurət yaradacaq. Lakin, biz arxayın olmamalıyıq ki, 5 avqustan sonra karantin rejimi ortadan qaldırılacaq, insanlar heç nə olmamış kimi yenə istirahət mərkəzlərinə, ictimai yerlərə, parklara, dəniz kənarına və müxtəlif yerlərə kütləvi şəkildə istirahətə gedəcəklər. Düşünməməliyik ki, həyat tərzimiz əvvəlki kimi olacaq".

Millət vəkili bildirib ki, bu gün daha əvvəl tətbiq edilmiş yumşalmalardan sonra qısa bir müddət ərzində yoluxanların sayı artdığı üçün müəyyən zəruri tədbirlər atılmalı oldu və daha sonra sərt karantin rejiminin tətbiq olunması ilə bu gün yoluxanların sayı azalıb: "Biz əvvəlki həyat tərzimizə qayıtmaq üçün daha çox məsuliyyətli olmalıyıq. Müəyyən olunmayan bir vaxta kimi biz bu cür yaşamalıyıq. Bu rejimin isə ən önəmli atributu qoruyucu maskadan isrtifadə edtməkdir. İnsanlar arasında artıq bu bir vərdişə çevrilməkdədir. Həm inzibati yollarla, həm də ictimai qınaq vasitəsilə bu mexanizm artıq işə düşüb. 5 avqust tarixindən sonra karantin rejimi yumşalsa da maskadan istifadə etmək xüsusi bir hal olmalıdır. Qonşu Türkiyədə məhdudiyyətlər aradan götürülsə belə maskadan istifadə etməyə və sosial məsafəni saxlanılmasına ciddi riayət olunur".

İlham Məmmədov qeyd edib ki, sərt karantin rejimi ortadan götürülsə belə karantin rejiminin hansısa formada elementləri saxlanılmalıdır: "Maskadan istifadə, sosial məsafənin saxlanılması və buna polis nəzarəti qalmalıdır. Bu gün bu sahədə marketlərdə karantin rejiminə ciddi nəzarət olunduğu nəzərə çarpır. Polis marketə maskasız keçmək istəyən şəxsləri tənbehləyir yaxud banklarda, ictimai yerlərdə yaxınlaşaraq maskadan istifadəni vətəndaşlara xatırladır. Hesab edirəm ki, yumşalmalar olsa da maskadan istifadə etmək mütləq olmalıdır. Sərt karantin rejimi götürüldükdən sonra bu xəstəliyin qarşısını almaq üçün vətəndaşlar səfərbər olmaldır ki, yenidən bu vəziyyətə qayıtmayaq. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru dünən mətbuat konfransı həyata keçirdi və qeyd etdi ki, son 6 həftədə dünya üzrə virusa yoluxanların sayı bir neçə dəfə artıb. Bu gün pandemiya hələ sona çatmayıb. Bütün dünyada bu tüğyan edir. Bəzi Avropa ölkələrində yenidən sərt karantin rejiminin tətbiq olunması barədə düşünülür. Əgər, sərt karantin rejimi şəraitində yaşamaq istəmiriksə məsuliyyətli olaq və qayda-qanunlara riayət edək".

1