“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.
Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf etmiş, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilib.
İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilib.
Əfqan Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, Sakit Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti zərərçəkmiş qismində tanınıb.