Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
HİT.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub.
HİT.Az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
HİT.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.
Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşüb.
Dövlət başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışıb, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğulayıb.
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd edib.
Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.
HİT.Az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.