Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən HİT.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
İyulun 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
31 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.