Qurbanlıq ətdən virus yoluxa bilərmi? - AÇIQLAMA

ÖLKƏ
17:11 / 30.07.2020
950

"Qaynayan məhsulda virus qala bilməz".

Bu sözləri Azərbaycanın Baş infeksionisti Cəlal İsayev pandemiya dövrünə təsadüf edən Qurban bayramı münasibətilə vətəndaşlara öz tövsiyələrini verərkən deyib.

O bildirib ki, vətəndaşlar bayram ərəfəsində də Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməlidirlər: "Maskadan istifadə etmək, sosial məsafəni saxlamaq, sanitar-gigiyenik qaydalara riayət etmək - Qurban bayramında da əhali bütün bu qaydalara riayət etməlidir".

Qurbanlıq məhsulun onlayn şəkildə çatdırılmasının prosesə nə dərəcədə təsir edə biləcəyinə münasibət bildirən Baş infeksionist vurğulayıb ki, məhsulun onlayn çatdırılması mümkün olsa idi çox yaxşı olardı. Belə ki, əgər şəxs qurbanlıq heyvanı özü kəsmək istəyirsə, bunu edə bilər: "Biz kütləviliyin qarşısını ala bilmərik, insanlar özləri vəziyyəti anlamalı və qiymətləndirməlidirlər. Harada sərbəstlikdirsə, harada hərəkət etmək rahatdırsa, oradan məhsulu almalıdırlar. Çox insanın bir yerə toplaşdığı obyektlərə getməkdən qaçınmalıdırlar. Çünki insanların çox toplaşdığı yerlərdə yoluxma faizi əlbəttə ki, yüksəkdir".

Qurbanlıq heyvanın kəsilməsi zamanı əgər virus ətin səthinə düşərsə və məhsul evə gətirilən zaman orada qalarsa, bu, vətəndaş üçün təhlükə yaradarmı - sualına, Cəlal İsayev belə cavab verib: "Adi qaydada məhsul qaynayıb və bişəndən sonra virus tələf olur. Yəni, temperatura dözmür. Ət qaynayan kimi burada virus tələf olacaq. Virusun bu yolla yoluxma ehtimalı yoxdur. Yoluxma ehtimalı hava-damcı yolu ilə mümkündür. Qaynayan məhsulda virus qala bilməz".

2
Sia.az