Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücumları səngiyib. Düşmən tərəf ara-sıra hücumlar edir, tutarlı cavablarla yerinə otuzdurulur. Qarşı tərəfdən itkilər qeydə alınır. Ermənilərin iyulun 12-13-də göstərdikləri aktivlik ordumuzun cavab atəşləri ilə səngiyib. Ötən gün düşmən tərəfindən döyüşən 1 muzdlu məhv edilib. Hazırda cəbhə xəttində nisbi sakitlikdir.
Düşmənin aqressiv hərəkətləri təmas xəttindən çox uzaqlarda da qeydə alınıb. İyulun 23-24-ü Rusiya paytaxtı Moskva ermənilərlə münaqişənin mərkəzinə çevrilib. Həmyerlilərimizlə toqquşmalar zamanı xəsarət alanlar oldu, həbslər var. Toqquşmalar Rusiyanın böyük şəhərlərində də olub.
Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev “Yeni Müsavat”a deyib ki, Moskva məhkəmələri bu günə qədər 11 həmyerlimiz barədə 2 aylıq həbs qərarı çıxarıb. Ermənilərdən isə 7 nəfər eyni müddətə həbsə alınıb. Tutulanlara Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (qrup tərkibində xuliqanlıq) üzrə ittiham elan edilib.
Hazırda tutulan həmyerlilərimiz Marino rayonundakı istintaq təcridxanasında saxlanılır: “Hazırda istintaq gedir. Hər gün 20-30 nəfəri çağırıb dindirirlər. Bəziləri barəsində 10 günlük həbs qərarı verir, bəzilərini isə cərimə edib buraxırlar. Hazırda hər hansı bir toqquşma, qarşıdurma yoxdur. Araşdırmalar aparılır, qarşıdurmalarda iştirak edənlərin kimlikləri müəyyən edilir. Videolara baxış keçirilir”.
Şamil Tağıyev deyir ki, bu günə qədər istintaqın birtərəfli aparılması ilə bağlı məlumat almayıblar: “Bir nəfər erməninin azad edilməsi ilə bağlı məlumat almışıq. Sözün açığı bu günə qədər tərəfkeşlik görməmişik. Ola bilər ki, hansısa istintaq orqanının rayon şöbəsi səviyyəsində baş verər. Çünki burada ermənilərdən polis orqanlarında çalışanlar çoxdur. Mümkündür ki, o tərəfdən kimsə vəzifəsindən sui-istifadə edib istintaqa təzyiq göstərə bilər. Amma hələ ki, belə hal qeydə alınmayıb. Moskva vilayətinin Bronitsa şəhərində yaşayan bir erməninin buraxılması xəbəri var. Baxmayaraq ki, orada zərərçəkən azərbaycanlının şikayəti var. Bu məsələni araşdırırıq. Bu gün istintaq orqanına müraciət edəcəyik ki, bu məsələ haqda araşdırıb bir izahat versinlər”.
İcma sədri deyir ki, saxlanılan həmyerlilərimizin durumu ilə mütəmadi olaraq maraqlanır, ehtiyacı olanların ailələrinə dəstək verirlər: “Baş verənlərdən sonra Moskvada yaşayan, həmyerlimiz olan vəkillər öz təşəbbüsləri ilə irəli çıxıb tutulanları istintaqda müdafiə etdilər. Bəzi insanlar özləri vəkil tutdular. İcmaya müraciət edən həmyerlilərimiz operativ şəkildə vəkillə təmin olunur. Baş verənlərdən sonra həbsə alınan və ailəsi çətin duruma düşən həmyerlilərimizə maddi köməklik göstərilir”.
İcma sədri deyir ki, günahsız olan həmyerlilərimizin azad ediləcək: “Biz çalışırıq ki, günahı olmayan, hadisələr zamanı sadəcə orada olan həmyerlilərimiz azad olunsun. Rusiyadakı Azərbaycan səfirliyi də öz xətti ilə çalışır. Tutulanlar arasında Azərbaycan vətəndaşları da var”.
Hadisələrdən sonra öz təşəbbüsü ilə 4 həmyerlimizi müdafiə etmiş Rusiyada yaşayan vəkil Elman Paşayev “Yeni Müsavat”a deyib ki, tutulanların əksəriyyətinin əməlində cinayət tərkibi yoxdur: “4 həmyerlimizə vəkillik etdim və onların azad olunmasına nail olduq. Çünki əməllərində cinayət tərkibi yox idi”.
Elman Paşayev deyib ki, hadisələr zamanı orada olmaq cinayət etmək deyil: “İstintaqa cəlb edilən həmyerlilərimizin əksəriyyəti günahsızdır. Onlara yaxşı vəkillər lazımdır ki, işlərə xitam verilsin. Tutulan azərbaycanlıların əksəriyyətinin əməlində cinayət yoxdur. Mənim işim həddindən artıq çoxdur. Gün ərzində 3-4 saat yatmağa vaxt tapa bilirəm, ailəmi demək olar ki, görmürəm. O adamlara işini bilən vəkillər tutulmalıdır. İcraatımda olan işlər həddən artıq çoxdur, qoyub bu işlərlə məşğul ola bilmirəm. Etsəm, vəkil kimi statusum ləğv oluna bilər. Bütün bu işlərin xitama getməsi vəkillərdən asılıdır. Çoxunu həbsdən azad etmək olar. Mən işə qoşulanda 8 nəfər həbsdə idi, 4 nəfər müdafiə etdiyim həmyerlimizi azad etdilər. Çox təəssüf ki, vaxt qıtlığına görə həmyerlilərimizə bundan artıq kömək edə bilmirəm”.