10 yaşlı azərbaycanlı ABŞ-da Prezident Mükafatı aldı 

ÖLKƏ
14:17 / 01.08.2020
1129

ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb.

HİT.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, Maqsudun anası Nigar Pənahova oğlunun hələ Bakıda olarkən məktəbə getməyə başladığını deyib.

Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.

Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.

Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Suleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.

Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.

Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzu edir.

 

0