Səfirlik Almaniyada yaşayan azərbaycanlılara çağırış etdi

ÖLKƏ
15:50 / 01.08.2020
973

Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan bəyanat yayıb.

HİT.Az xəbər verir ki, bəyanatda deyilir:

"Bu ilin iyul ayının 12-də Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycanın 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.

Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.

Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.

Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.
Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.

Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.

Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.
Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!

Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.

Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!”.


 

0