Mənim başım yuxarı olmalıdır, amma başım əyilib... - Şəhid qızının harayı

ÖLKƏ
12:28 / 03.08.2020
1506

"Şəhid qızı olaraq imkanlı şəxslərdən kömək istəyirəm".

HİT.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun gəlini İradə Zeynalova deyib. O bildirib ki, həyat yoldaşı Məmməd Zeynalovun xəstəliyinə görə qayınatasından qalan evi satmalı olublar:

"Məmmədin xəstəliyini və problemlərini hər kəs bilir. Atasından qalan bir ev vardı. Həmin ev məcburiyyət qarşısında satışıa çıxarıldı. Onkoloji xəstələrin dərmanları bahadır. Ala bilmirdik, borclar yığılmışdı. Pul aldığımız adamların borcunu da qaytarmaq lazım idi. Baxdıq ki, heç yerdən kömək, gəlir yeri yoxdur, məcbur olub evi satışa çıxardıq. Ev satılandan sonra 3 şəxs - iki qardaş, bir bacı arasında bölündü. Bizə düşən hissədən normal ev almaq olardı, amma dərmanlara olan borcları qaytardıq deyə az pul qaldı. Fikirləşdik ki, buna hardansa bir ev alaq, yoxsa əlimizdən çıxacaq, evsiz qalacağıq. Pul ancaq Hövsandan ev almağa çatdı. Burada evlər ucuzdu. Ancaq elə bir ev aldıq ki, qapını açıb içəri girmək olmur, bərbad, pis gündə. Qapıları yox. Mən aidiyyəti qurumlara yazıb müraciət elədim. 

Eldəniz Zeynalov bu dövlətin aktyoru olub, filmlərdə çəkilib, tamaşalarda oynayıb. Bu nə hörmətsizlikdir edirlər? Eldəniz Zeynalov kimə nə edib ki, oğlunu sayan yoxdur. İkimiz də xəstəyik. İnanırsınız, elə qışqırmaq istəyirəm ki, bu məmurlara... Bu saymamazlıq nə deməkdir? Eldəniz Zeynalova hörmətsizlik edirlər. Bizim problemimiz Məmmədin xəstəliyidir, günü-gündən adam əriyir, maraqlanan yoxdur".

İradə Zeynalova qeyd edib ki, aidiyyəti qurumlara yazdığı məktubların hər birində şəhid qızı olduğunu ayrıca qeyd edir:

"Yazdığım bütün məktubların sonunda belə qeyd edirəm: "Hörmətlə, şəhid qızı”. Gör nə yerə çatımışam ki, bu ölkədə yaşamaq istəmirəm. Mənim atam bu toprağa görə şəhid olub. Hər birimiz üçün vuruşub, Allah ona rəhmət eləsin. Amma heç bir məktubuma cavab almıram. Necə ayladır, məni sayıb məktublarıma cavab vermirlər. Atamın adına bir hörmət qoyan yoxdur. Heç olmasa mənfi cavab versinlər. Bu nə haqsızlıqdır? Belə olmaz, necə illərdir ki, mən yuxarılara yalvarıram. Hamı özü üçün yaşayır. Çıxıb bayıra qışqırmaq istəyirəm. Bilmirəm ki, kimə səslənim. İmkanlı şəxslərdən kömək istəyirəm. Heç olmasa şəhid qızına kömək edin. Onkoloji xəstəyəm, bir övladım var. Sabah biz olmasaq, uşaq ortalıqda qalacaq. Eldəniz Zeynalov evdən başqa heç nə qoymayıb. Şəhid qızıyam, mənim başım yuxarı olmalıdır, amma başım əyilib. Yoldaşıma, oğluma görə nəsə eləmək istəyirəm. Artıq utanmaqdan keçib. Onkoloji xəstə bu evdə yaşaya bilməz. Hər yer betondu, evdə böcəklər gəzir. Mən heç kəsdən utanmıram, qoy Eldəniz Zeynalovun oğluna və şəhid qızına hörmət eləməyənlər utansınlar".

0