DİN-dən Fuad Qəhrəmanlıyla bağlı AÇIQLAMA

ÖLKƏ
12:36 / 03.08.2020
1697

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə AXCP üzvləri Fuad Qəhrəmanlı və Seymur Əhmədovun saxlanıldıqları təcridxanad işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

HİT.Az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Sosial mediada iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi və xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilənlərdən biri - Seymur Əhmədovun saxlanma yerində fiziki təzyiqlərə, işgəncə və zorakılığa məruz qalması ilə əlaqədar həqiqətə uyğun olmayan uydurma və qərəzli informasiyalar yayılıb. Bununla əlaqədar DİN rəhbərliyinin göstərişi ilə əməkdaşlar saxlanma yerində olub Seymur Əhmədovun izahatını alıblar, saxlanma şəraiti və sağlamlığı ilə maraqlanıblar. S.Əhmədov barəsində yazılanları birmənalı olaraq təkzib edib, hər hansı zorakılığa və işgəncəyə məruz qalmadığını, saxlanma şəraitindən, sağlamlığından şikayətinin olmadığını bildirib.

O ki, qaldı Fuad Qəhrəmanlı ad və soyadlı şəxsin guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması iddialarına, birmənalı və qəti şəkildə bildirirəm ki, Fuad Qəhrəmanlı ad və soyadlı şəxs ümumiyyətlə qeyd olunan İdarəyə gətirilməyib və orada olmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu, qərəzdən irəli gələn iddialardır".

2