Eyni palçıqdan yoğrulanlar və ya Ordunu sevməyən kimlərdir?

ÖLKƏ
12:44 / 03.08.2020
1883

“Demokratiyaya qarşı ən yaxşı arqument orta seçici ilə beş dəqiqəlik söhbət etməkdir”. Ser Uinston Leonard Spenser Çörçillin bu ifadəsini bir çoxunuz eşitmişiniz. Görəsən, bu ifadəni Azərbaycandaki müxalifət mühitinə tətbiq etsək, nə əldə edərik?

İlk növbədə, “müxalifət” dedikdə nəyi başa düşürük? “Müxalifət” anlayışının müasir dünyada qəbul olunan məna “Müxalifət – hər hansı bir cəmiyyət, təşkilat və s. daxilində öz fikrini, siyasətini əksəriyyətin fikrinə, siyasətinə qarşı qoyan dəstə, qrup” başa düşülür. Bəs Azərbaycanın siyasi meydanında müxalifət və onu təşkil edən şəxslər həqiqi müxalifətçilərdimi?

Təəssüf ki yox. Razıyıq, “yox” deməklə bir çoxunun tənqid obyektinə çevrilməyin ehtimalı böyükdür, lakin, necə deyirlər, “əyri oturaq – düz danışaq!”. 

Müxalifətimizi təmsil edən şəxslər kimlərdir? Dövlət və hökumətin yürütdüyü siyasətinin əleyhinə məntiqsiz iddialar səsləndirən? Sözün əsl mənasında, əsassız, dəlilsiz və bəzən tamamilə mənasız çıxışlara heç iddia demək də olmaz, çünki bu insanları dinlədikcə aydın olur ki, onlar kiminsə şəxsi məqsədinə çatmaq üçün istifadə olunan alətdən başqa bir şey deyil. Belə “alətlərin” əl çirkinliyi dəfələrlə üzə çıxıb da, sübut olunub da. Maraqlısı odur ki, dünənə qədər nə ilə məşğul olması barəsində hamının xəbəri olan bu “ştamplı ziyalılar” dünənki “palçıqdan” yuyulmadan, özlərini bu gün həvəslə yeni “palçığa” salır. 

Həmin “ziyalılar” ilk dəfələr hələ Birinci Qarabağ müharibəsi zamanı üzə çıxıb.

Müstəqilliyin ilk günlərindən gənc Azərbaycan Respublikası xarici hərbi təcavüzlə yanaşı daxili çətinliklərlə də üzləşdi. Belə ki, Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi zaman, onlarla, yüzlərlə şəhid verdiyimiz zaman, Bakıda hakimiyyət və vəzifə üstündə bir-birini qıran, dava edənlər də var idi. Bu da həmin “ziyalılar” idi ki, onlar üçün heç bir əhəmiyyət daşımayan “torpaq” anlayışı yalnız “vəzifə” uğrunda qurulan intriqalar ilə əvəz edilirdi. Bu “ziyalılar” elə o vaxtdan da “ştamplı” oldular ki, özlərindən başqa heç kəsə tanınmayan “qəhrəmanlar” idi. 
90-cı illərin əvvəlində Ordumuzun düşmənlə xarici cəbhədə əldə olunan hər bir nailiyyət daxilimizdə tənqid edilirdi. Hər bir strateji mövqenin alınması Orduya qarşı ləkələmə kampaniyası ilə qarşılanırdı. Həmin kampaniya 2016-cı ildə zəfərlə bitən Aprel döyüşlərindən sonra da müşahidə edildi. 

Görünür ki bu yalançı müxalifətçilər indi də həmin hadisələri təkrarlanmaq niyyətindədir, çünki istənilən çıxış, istənilən açıqlamanın arxasında məhz müəyyən vəzifə və ya pul dayanır. Düz deyirlər, xain üçün istənilən vaxt münasibdir, çünki elə indi də, iyul ayında baş vermiş təxribatdan sonra Ordumuzun, xalqımızın, hökumətimizin uğurunu görən “ziyalılar” yağışdan sonrakı göbələklər kimi yer üzünə çıxaraq, dövlətimizin dayağı və qüruru olan Ordumuz və hərbi-siyasi rəhbərliyimiz əleyhinə öz çirkin işlərini davam etdirir. 

Ən paradoksal odur ki, ölkəmizin faktiki olaraq müharibə şəraitində olmasına məhəl qoymayan bu “ziyalılar” Ordumuzu ləkələyərək özlərinə nüfuz, şöhrət ya populyarlıq qazanmaq istəyir. Avtomat əlində saxlamayan adamların yüksək rütbəli generalların ünvanına səsləndirdiyi ittihamlara qulaq asdıqca, şüurlu insanın beyninə ilk növbədə “ay uşaq, get oyununu oyna” kəlməsi gəlir. 

Bu “divan döyüşçülərin” yaddaşları zəifdirsə, bir daha xatırladaq ki, nə dövlətimiz 90-cı illərin dövləti deyil, nə də ki Ordumuz. Müasir Azərbaycan Ordusu dünyanın ilk 50 güclü ordularının arasında öz yerini layiqincə tutub. Son dörd il ərzində Ordumuzun apardığı üç irimiqyaslı əməliyyat bunu deməyə əsas verir. 

Ölkəmiz inkişaf etdikcə, ordumuz da inkişaf edir. Bundan qorxan və bizimlə açıq şəkildə “kişi kimi təkbətək döyüşməyi bacarmayan” düşmən əlindən gələni edir ki, Ordu rəhbərliyini ləkələsin. Əlbəttə, hərbçilər arasında nüfuza malik olan və qoşunları arxasında aparmağı bacaran güclü rəhbərlik düşmənlərimizə sərf etmir və yeganə çıxış yolları – Ordu rəhbərliyinin dəyişdirilməsinə nail olmaq və yerinə kifayət qədər təcrübəyə malik olmayan birini gətirməkdir. 

Heç kəs üçün sirr deyil ki, hətta ordunun daxilində də vəzifə uğrunda “xalçaaltı” oyunlarını aparan şəxslər var. Ordu – bir böyük ailədir, ailədə də bildiyiniz kimi istənilən adama rast gəlmək olar. Necə deyirlər, “meşə çaqqalsız olmaz”. Ancaq bəllidir ki, bu adamların əsas məqsədi ordunu gücləndirmək yox, öz şəxsi mənafelərini güdməkdir. Ordu – canlı insanlardan ibarətdir və təəssüflər olsun ki, onların arasında bəzən alçaq, yaltaqlıq edən, arxadan öz çirkin əməllərini edən, satqın insanlara da rast gəlmək olar. Təəssüflər! 

Araşdırmalar göstərir ki, Ordunu ləkələmək istəyənlərin kökləri Ermənistan xüsusi xidmət orqanlarında bitir. Bizim “ştamplı ziyalı” olan bəzi müxalifətçilərimizin məhdud düşüncəsi və dar dünya görüşü onların informasiya mübarizəsində kiminsə xeyrinə necə istifadə olunmasını başa düşməyə əfsus ki imkan vermir.

Sözümüzü Ser Uinston Leonard Spenser Çörçillin “Demokratiyaya qarşı ən yaxşı arqument orta seçici ilə beş dəqiqəlik söhbət etməkdir” ifadəsi ilə başladıq. Bu ifadənin seçimi ilə demək istəyirik ki, ay hörmətli “ştamplı ziyalılar”, heç olmazsa, gedin öz seçiciləriniz ilə hərdən söhbət edin. Ətrafınız sizi pul müqabilində istifadə edən havadarlardan ibarət deyil. Bir mövzuya toxunmadan əvvəl isə, mövzunu dərindən öyrənin və ən əsası – tənqid etdiyiniz şəxslər ilə görüşüb həmin sözləri onların üzünə deyin. Lakin qorxuruq ki, bu halda bütöv ordumuz ilə görüşməli olacaqsınız, çünki orduda “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi mövcuddur. Yəni, bir nəfərin tənqidi – bütün ordunun tənqidi kimi qəbul olunur. Amma təbii ki, orduda xidmət etməyən sizin kimi “ştamplı ziyalılar” bundan xəbərsizsiniz. 

Vaqif Əli
Hit.Az

0