Ötən həftədən başlayaraq, ölkəmizdə koronavirusa yoluxanların sayında azalma müşahidə olunmaqdadır. Rəsmi statistikaya əsasən iyulun 31-də ölkədə yoluxma sayı 318, avqustun 1-də 279, avqustun 2-də isə 279 nəfər olub.
Eləcə də koronavirusdan sağalan xəstələrin gündəlik sayında da sürətlə artım var. Təkcə avqustun 2-nə olan məlumata görə 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Beləliklə, son statistik rəqəmlər ölkədə virusla bağlı vəziyyətin getdikcə düzələcəyinə olan ümidləri artırır.
Lakin bəzi mütəxəssislər rəsmi statistik rəqəmlərin real olmadığını, reallıqda yoluxma sayının 4-5 dəfə çox olduğunu bildirir.
Məsələn, tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a son açıqlamasında bildirmişdi:
"Ölkədə virusa yoluxanların sayı statistika sayından 4-5 dəfə çoxdur. Bu, birmənalı olaraq belədir. Hər birimiz şahidi oluruq ki, ətrafda xeyli sayda virusa yoluxan şəxslər qeydiyyata düşmədən, evdə müalicə alırlar".
Həmçinin, sosial şəbəkələrdə də virusa yoluxanların statistikası ilə bağlı qəribə mənzərə var: yoluxma çox olanda rəsmi rəqəmlərə inanmayan indi də azalmaya şübhə ilə yanaşırlar...
Ölkənin baş infeksionisti Cəlal İsayev məsələ ilə bağlı "Yeni Müsavat"a danışıb. Baş infeksionist bildirib ki, istisna olunmayan hallar var:
"Ola bilsin ki, kimsə xəstələnsin, amma həkimə, xəstəxanaya müraciət etməsin. Bu cür hallar istisna olunmur.
Ümumiyyətlə, azərbaycanlılarda belə bir xüsusiyyət var, xəstələnsələr də xəstəxanaya getmək istəmirlər. Yalnız vəziyyətləri ağırlaşanda həkimə müraciət edirlər.
Və yaxud bəzən koronavirusa yoluxan insanlar bu xəstəliyi simptomsuz keçirir, virusa yoluxduğunu hiss etmir, çox yüngül keçirir. Yəni, bu cür hallar da mövcuddur, insan yoluxur, bunu hiss etmir və qeydiyyatdan kənarda qalır.
Digər qism insanlar da var ki, onlar evdə qalıb, müalicə almaq istəyir. Bəzən şahidi oluruq ki, evdə müalicə alanların vəziyyəti kəskin ağırlaşır və onlar birbaşa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilir".
Baş infeksionist ölkədə koronavirusla bağlı rəsmi statistik rəqəmlərin real olduğunu deyib:
"O ki, qaldı yoluxanların statistikasına, rəsmi statistika tam realdır. Onu azaldıb, çoxaltmaq kimin nəyinə lazımdır? Faktiki olaraq koronaviris bütün dünyada, o cümlədən Avropadan tutmuş Cənubi Amerikaya qədər yayılmış xəstəlikdir. Rəqəmləri gizlətmək bizim nəyimizə lazımdır?
Bəli, ölkədə yoluxma sayı rəsmi rəqəmlərdən çox ola bilər, çünki yuxarıdakı qeyd etdiyim istisna olunmayan hallar var".
"Avqustun 5-dən sonra da sərt karantin rejiminin uzadılmasına ehtiyac varmı?" sualımıza baş infeksionist bu cür cavab verdi: "İstər sərt karantin rejimi ləğv edilsin, istərsə də davam etsin, biz verilən tövsiyələrə daim əməl etməliyik. Bu tövsiyyələr də sosial məsafə gözləmək, maska taxmaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunları gözləmək mütləqdir.
Şahidi olduq ki, böyük ölkələrdə karantin qaydaları ilə bağlı yumşaldılma olan ki, virus sürətlə artmağa başladı və yenidən sərt rejim tətbiq olundu. Yəni, bunu nəzərə alaraq elə davranmalıyıq ki, karantin rejimi yumşaldıqdan sonra yenidən sərt rejim tətbiq edilməsin. Bu qaydanı ən azı bir dövr özümüzün həyat tərzinə çevirməliyik ki, xəstəlikdən canımız qurtarsın.
Koronavirus digər xəstəliklərdən fərqlidir, onun oturaqlığı çoxdur. Hətta yoluxuculuq qabiliyyəti qripdən belə yüksəkdir. Qripdə yoluxuculuq 20-25 faiz olur. Yəni 10 insandan 2-si qripə yoluxa bilirsə, koronavirusda bu göstərici iki qat çoxdur.
Qeyd edim ki, koronavirus xəstəliyinin ağırlaşması 3-3,5 faiz təşkil edir. Bəzi regionlarda isə daha yüksək rəqəmlər müşahidə olunmaqdadır".
Cəlal İsayev qeyd edib ki, insanların kütləvi halda bu virusa yoluxması ölkə səhiyyəsinin yüklənməsinə səbəb ola bilər: "Eyni zamanda lazımi tibbi xidməti göstərmək də çətinləşər. Bu bir faktdır ki, virusa yoluxanlar arasında həkimlər də, orta tibb personalı da var. Onların arasında da dünyasını dəyişənlər oldu.
Yəni, bütün bunları nəzər almaq lazımdır. Dünyada yalnız özümüz üçün yaşamamalıyıq. Biz cəmiyyətdə yaşayırıq, ondan təcrid olmaq mümkün deyil. Beləliklə, cəmiyyəti düşünməliyik. Cəmiyyət, insanlar yaşayarsa, biz də yaşayarıq. Ona görə də məsuliyyətli davranaq, özümüzü və yaxınlarımızı qoruyaq".