İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılmasıyla bağlı AÇIQLAMA

ÖLKƏ
18:40 / 04.08.2020
1090

Binəqədi Rayon İcra Hakimiyyəti G.Ramazanov küçəsi, döngə 2 ünvanında məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə zibil yeşiklərinin olmaması nəticəsində yaranmış antisanitariya vəziyyəti ilə bağlı məlumata münasibət bildirib.

HİT.Az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq icra hakimiyyətindən bildirilib ki, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 2 ünvanında tullantı konteynerlərinin olmaması ilə bağlı işıqlandırılmış xəbər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb:

“Məlumat üçün qeyd edək ki, rayon ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş meydançaların təmizlənməsi mütəmadi olaraq həyata keçirilir. Bundan əlavə, məsul şəxslər tərəfindən monitorinqlər aparılır və ərazidə aşkar edilən tullantılardan ibarət poliqonlar davamlı olaraq təmizlənir.

Həmin ərazinin tullantılar üçün nəzərdə tutulmamasına və yaxınlıqda konteynerlərin mövcud olmasına baxmayaraq, sakinlər tərəfindən əraziyə mütəmadi olaraq tullantıların atılması davam edir”.

“Qeyd etmək istərdik ki, hazırda həmin ərazi tullantılardan təmizlənib. Sakinlərimizə tullantıları ətraf ərazilərə atmamağı və yaxınlıqda olan məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdən istifadə etməyi tövsiyə edirik”, - deyə qurumdan qeyd olunub.

 

0