Müasir texnologiyalar, eləcə də sosial şəbəkələrin həyatımıza daxil olması özü ilə bərabər bir sıra yeni sözləri də danışıq dilimizə gətirib.
İndi demək olar ki, hər kəs ingilis dilində olan “okey” sözünün qısaldılmış forması “ok”dan istifadə edir. Amma bu heç də həmişə normal qəbul olunmur. Böyük əksəriyyət bunun etik qaydalara nə qədər uyğun olub-olmadığının fərqində belə deyil.
Bir qədər əvvəl İsmayıllı rayon icra başçısının “Okeyini verib” deməsi isə tənqidlərə səbəb oldu.
Ümumiyyətlə, yeni texnologiyaların, sosial şəbəkələrin danışıq dilinə gətirdiyi hansı söz ədəbi dilə əlavə edilə bilər?
AMEA Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, “okey”, “ok” kimi sözlərin rəsmi olaraq Azərbaycan dilinə keçməsi mümkün deyil:
“Həmin sözlərin dilimizdə tərcüməsi varsa, biz onları necə götürə bilərik. Bu kimi sözlər danışıq dilində işlənir, iki dilin sözlərini bir-birinə calaq edirlər, bu ədəbi dilə uyğun deyil. Amma bədii ədəbiyyatda obrazın nitqində bu cür ifadələri vermək olar. Məsələn, Cəfər Cabarlının əsərlərində də bu cür nümunələr var.
Obraz deyir ki, “spakoysa”. Amma bunlar dilə keçmir. Bəzi şəxslər “temboli”, “akazivayitsa” sözünü çox işlədir, indi bunu dilimizə keçirməliyik. Amma bunlar bədii ədəbiyyatda obrazı fərqləndirmək üçün işlədilə bilər. Hətta “köpəkoğlu” sözünü də güclə lüğətə salmışam”.
Bəs texnologiyanın inkişafı ilə bağlı olaraq hansı sözlər azərbaycan dilinə gətirilə bilər?
Mütəxəssis deyir ki, “Facebook”, “İnstaqram”, “Onlayn” kimi sözlərin dilimizə daxil edilməsi mümkündür.