Uzağı 1 həftə duruş gətirə bilərsiniz - Baş redaktordan Fazil Mustafaya cavab

ÖLKƏ
15:12 / 04.08.2020
1952

"Fazil Mustafa örnək olmasa da, həmişə mənə maraqlı olub. Tanıyanlar bilir ki, intellektinin, savadını , cəmiyyətdəki davranışlarını təqdir etmişəm. Onun siyasi iddialardan yana maarifcilik işinin bu gün  dövlətə və dövlətçiliyimizə xeyir gətirdiyi fikrində bu gün də qalıram".

HİT.Az xəbər verir ki, bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deputatın Azərbaycan mətbuatıyla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O, fikrini belə davam etdirib:

"Kütlə sevgisinə köklənməyən mövqeyi tənqidə, bəzən təhqirə məruz qalsa da, düşünürəm ki, bu gün Azərbaycan cəmiyyətində Fazil bəyin mövqeyini yetərincə müdafiə edən insan var. Elə uzağa getməyim , "Şərq" qəzetində yaradıcılıq planlanmasında verilən tapşırığın maraqlı, fərqli olmasını istəyənlər Fazil bəyə üz tuturlar. Amma çox təəssüf ki Fazil bəy "Space"nin "Sadə həqiqətlər" verilişində mətbuatımızla bağlı kökü, əsası olmayan fikirlər səsləndirib. Jurnalist olmasa da dövlət dotasiyası ilə qəzet buraxa biləcəyini deyib. Ölkədə "Arqument fakt" , "Qardian" tipli analitik qəzetlərin olmadığından gileylənib.

Xub əla, inanmıram ki, Fazil bəy bu gün Azərbaycan mediasının durumundan bixəbərdir. Xəbəri yoxdursa deyim, bir ildə bir manat belə reklamı olmayan, böyrümüzdəki Masazıra bir qəzet çatdıra bilməyən mətbuatdan "Qardian" düzəltmək olarmı? Hələ mən yaradıcılıq tərəflərindən danışmıram. Onu qismət olsa, görüşsək, ikilikdə danışarıq. 

Fazil bəy, biz əvvəl "Qardian" mühitinin heç olmasa 30 faizini yaradaq, sonrasına baxarıq ki, Azərbaycan jurnalistləri necə işləyir? 

Səmimi deyirəm, Fazil bəy, "Şərq" qəzetinin baş redaktorluğunu məmnuniyyətlə Sizə həvalə edərdim. Gəlin redaksiyaya, mədəniyyət şöbəsi yazarlarından savayı hamısı Sizi doğma kimi qarşılayacaq. 

Sizin qəzeti hansı yaradıcılıq istiqaməti ilə "Qardian"a çevirəcəyiniz çox maraqlı olar. Amma inanmıram. Uzağı bir həftə duruş gətirə bilərsiniz. Sonra da əməkdaşları yığıb, halalıq istəyib, redaksiyanın tərk edəcəyinizə bəri başdan əminəm".

1