Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər - TƏBİB sədri

ÖLKƏ
17:10 / 05.08.2020
1499

"Mart ayının əvvəllərində 22 xəstəxananı koronavirusla mübarizə üçün ayırmışdıq.  İyun-iyul aylarında ölkə ərazisində, xüsusilə Bakı şəhərində artım oldu. COVİD-19-la mübarizə üçün xəstəxanaların sayı 46-ya çatdırıldı".

HİT.Az xəbər verir ki, bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib.

O bildirib ki, bunlardan 10-u modul tipli xəstəxana idi:

"Bundan başqa Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanası da istifadəyə verildi. 800 çarpayıdan ibarət  xəstəxanada çarpayıların sayı daha 1200 ədəd artırılması nəzərdə tutulub. Modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik. İyun-iyul aylarında artım zamanı çarpayıların doluluq səviyyəsi bəzən Bakıda 85-88 faizə çatdı, rayonlarda isə 30 faizdən yuxarı olmayıb. Bunu nəzərə alaraq, əlavə müəssisələrin cəlb olunmasına başladıq. Lakin tətbiq olunan əks-pandemiya mübarizəsi və karantin şəraiti ilə sayın azalmasına nail olduq.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və ölkəmizə cəlb olunan ekspertlər payız aylarına hazırlıq üçün tövsiyə verirlər. Bu bütün dünya ölkələrində aparılır. Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər və payız aylarında ehtimal olunan digər respirator infeksiyalar yayıla bilər. Buna hazır olmalıyıq. Bu gün ölkəmizdə yoluxma və ölüm sayını digər ölkələrlə müqayisə edə bilərsiz. Ölüm sayı təxminən 2 faizdir, yaş həddi isə orta hesabla 65-dir. Tibb müəssisələrinin vaxtında hazırlanması, adekvat tədbirlərin görülməsi, müalicə üsullarının hazırlanması xəstələrimizə kömək oldu. Bir az bundan öncə Çindən gələn nümayəndə, dünən isə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşmüşəm.

Bizim əməkdaşlar onlarla çalışırlar. Bütün müalicə prosesləri və gələcək planlar barədə danışırıq. Ümid edirəm ki, bütün çarpayı fondumuzdan istifadə etməyəcəyik. Amma zərurət yaransa, istifadə oluna bilər. Abşeron İdman Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Burada çalışacaq tibbi personal rahat işini görəcək. Azərbaycan azsaylı ölkələrdəndir ki, tibbi personal üçün nəqliyyat vasitələri ayırıb”.

0