Vəzifəli şəxslər aztəminatlı ailələlərin ərzağını mənimsəyib - RƏSMİ

ÖLKƏ
17:37 / 05.08.2020
1059

Koronavirus infeksiyasının respublikamızın ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Baş Prokurorluq da Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli şəkildə qarşıya qoyulan vəzifələrin icrasında müntəzəm surətdə iştirak etməkdədir.

HİT.Az-ın məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror qeyd edib ki, ötən dövr ərzində Şirvan və Naftalan şəhərlərində, Yevlax, Masallı, Goranboy, Hacıqabul, Göygöl və digər rayonlarda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması tədbirlərinə zidd olaraq qanunsuz hərəkətlərə, aztəminatlı ailələrə ayrılmış yardım paylarının mənimsənilməsi, təyinatından kənar və ya ədalətsiz bölüşdürülməsi, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və müalicə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimində sərbəst hərəkət hüququ verən cəmi 802 arayışın, tibbi göndəriş vərəqələrinin verilməsi, koronavirus xəstəliyinə tutulmuş şəxslər və digərləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması, xuliqanlıq, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi və sair əməllərə yol vermiş şəxslər barəsində cinayət işi açılıb:

“Cinayət Məcəlləsinin müvafiq maddələri ilə prokurorluq orqanlarında 32, daxili işlər orqanlarında isə 30 olmaqla cəmi 62 cinayət işi başlanaraq, 45 nəfər barəsində həbs, 6 nəfər barəsində polisin nəzarəti altına vermə, 2 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib, 13 nəfər barəsində 7 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 1 iş üzrə 3 şəxs barəsində ittiham hökmü çıxarılıb.

Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 7 nəfər barəsində uzunmüddətli inzibati həbs və cərimə tənbehləri seçilib”.

Onun sözlərinə görə, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən də COVİD-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılıb:

“Ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkar edilməsi, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.

Qeyd olunan müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanıb, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib”.

0