Bu ilin 6 ayı ərzində 78 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb.
HİT.Az xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarımili ilə müqayisədə 5 hadisə azalıb. Artım tendensiyası müşahidə edilən cinayətlər qəsdən sağlamlığa ağır zərər vurma 13,6 faiz, zorlama 57 faiz, narkotik vasitələrin qanunsuz dövriyyəsi 17,5 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 15,4 faiz, soyğunçuluq 4,8 faiz, quldurluq 4,2 faiz, oğurluq isə 1,3 faiz artıb ki, bu tendensiyanın səbəbləri təhlil edilməklə qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi təmin ediləcək.
Ümumilikdə ölkə üzrə cəmi 6.933 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 827-si prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları 349, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5 070 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib, prokurorluq orqanlarında 478, ümumilikdə isə 1.863 cinayət işinin icraatına xitam verilib.
Respublika üzrə qeydə alınan cinayət işləri üzrə ümumilikdə 87 milyon 691 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 52,2 faizinin, yəni 46 milyon manat hissəsinin ödənilməsinə nail olunub.