Təhsil eksperti: “İstər ödənişli əsaslarla, istərsə də pulsuz oxuyanlar eyni ixtisasa qəbul olub eyni qrupda təhsil alsalar da, hətta qəbul imtahanlarından sonra fərqli ballarla uğur əldə etsələr də, onlara aid olan tədris proqramında heç bir fərq yoxdur”.
“Az balla qəbul olmuş şəxsin bilik və bacarıqları yüksək balla qəbul olanla müqayisədə aşağı olduğu üçün onun proqramı mənimsəməsi çətin olur. Ona görə də hesab edirəm ki, tələbələr qəbul olduqdan sonra bal intervalına görə qruplaşdırıla bilər və onların hər birinə fərqli tədris proqramı tətbiq edilə bilər”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov deputat Erkin Qədirlinin təhsil haqlarının azaldılması təklifini şərh edərkən qeyd edib.
Milli Məclisdə təhsil haqlarının azaldılması təklif edilib. Bu təkliflə deputat Erkin Qədirli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib.
Deputat bildirib ki, pandemiya ilə əlaqədar olaraq universitetlərdə və məktəblərdə dərslər demək olar ki, keçirilməyib: “Təklif edirəm ki, təhsil haqları yarıbayarı azaldılsın”.
Bəs təklifin reallaşması üçün dövlət tərəfindən hansı addımlar atıla bilər?
Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.
Kamran Əsədov: “Növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq”.
Tələbələrin azı 65 faizinin təhsil haqqından azad olunduğunu və pulsuz oxuduğunu vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, tələbələrin bilik fərqi əmək bazarının tələbinə cavab verəcək kadr hazırlığı üçün ciddi fəsad yaradır:
“İlk növbədə qeyd edim ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib.
2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 22 mini ödənişli ixtisaslar idi. Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq.
Rəqəmlərdən də göründüyü kimi istər ödənişli əsaslarla, istərsə də pulsuz oxuyanlar eyni ixtisasa qəbul olub eyni qrupda təhsil alsalar da, hətta qəbul imtahanlarından sonra fərqli ballarla uğur əldə etsələr də, onlara aid olan tədris proqramında heç bir fərq yoxdur. Misal üçün qəbul imtahanında 600 bal toplayan da 200 bal toplayan da eyni ixtisasa, qrupa qəbul olub təhsil ala bilər. Amma onlar üçün tədrisdə heç bir fərq qoyulmur. Amma bu əmək bazarının tələbinə cavab verəcək kadr hazırlığı üçün ciddi fəsaddır. Belə ki, az balla qəbul olmuş şəxsin bilik və bacarıqları yüksək balla qəbul olanla müqayisədə aşağı olduğu üçün onun proqramı mənimsəməsi çətin olur. Ona görə də hesab edirəm ki, tələbələr qəbul olduqdan sonra bal intervalına görə qruplaşdırıla bilər və onların hər birinə fərqli tədris proqramı tətbiq edilə bilər. Misal üçün 600 və daha çox bal toplayan, 500-600 arası bal toplayan, 400-500 arası bal toplayan, 300-400 arası bal toplayanlar bir qrupda olsunlar və onlara uyğun tədris proqramı hazırlansın.
Kamran Əsədov: “Az balla qəbul olmuş şəxsin bilik və bacarıqları yüksək balla qəbul olanla müqayisədə aşağı olduğu üçün onun proqramı mənimsəməsi çətin olur”.
Bir məqamı da qeyd edim ki, ölkə prezidentinin müvafiq sərəncam və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək təhsil haqqından azad edilirlər.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, növbəti illərdə ödənişsiz plan yerlərinin sayı daha da artacaq və 2020-ci ildən etibarən ali təhsil müəssisələrinin plan yerlərinin azı 50 faizi pulsuz olacaq. Digər tərəfdən isə güzəştli kateqoriyaya aid olub ödənişsiz ixtisaslara qəbul olmasına baxmayaraq təhsil haqqından azad olanları da nəzərə alsaq deyə bilərik ki, tələbələrin azı 65 faizi təhsil haqqından azaddır və pulsuz oxuyur. Misal üçün Bakı Dövlət Universitetdə hazırda 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb.
BDU-da güzəştli kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır”.