""Məşğulluq Haqqında" Qanunun 4-cü maddəsinə görə pay torpağı olan bütün vətəndaşlarımız məşğul şəxslər hesab edilir. Bu baxımdan qanununun bu maddəsində difersinial yanaşmanın tətbiqinə ehtiyac var".
HİT.Az xəbər verir ki, bunu Milli Məclisin Plenar İclasında "Məşğulluq Haqqında” Qanuna edilən düzəlişlər layihəsi müzakirəsi zamanı millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, inkişaf etmiş ölkələrdə bölgələrdə yaşayan insanların məşğulluğu onların əldə etdikləri gəlirlərə əsasən hesablanır:
"Mövcud qanunvericiliyə əsasən, 10 sot torpağı olan vətəndaş da, 10 hektar torpaq sahibi olan da məşğul hesab olunur. Halbuki, 10 sot torpaq onun sahibinə xüsusi gəlir əldə etmək imkanı vermir. Əksinə, pay torpağı olanlar məşğul şəxslər hesab olunduğu üçün sosial yardımlara da müraciət edə bilmirlər. O baxımdan, təklif etdim ki, 20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar və onlara sosial proqramlara müraciət imkanı verilsin. Yalnız 20 sotdan daha çox yararlı sahəsi olanlar məşğul şəxslər qrupuna daxil edilsinlər.
V.Bayramov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsində təklif edilən əlavə və düzəlişlərin də müzakirə edildiyini bildirib. Əlavə edib ki, fondun büdcəsində edilən dəyişikliklər pandemiyanın təsirlərini azaltmaq məqsədi daşımaqla yanaşı 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə də bağlıdır.
"Əvvəlla, layihədə DSMF-in gəlirlərinin daxilolma mənbələri üzrə dəyişikliklərin aparılması təklif olunur. Belə ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların məbləği büdcədən maliyyələşən təşkilatlar üzrə proqnoz 2 milyon 588 min manat azaldılır, əksinə büdcədən kənar mənbələr üzrə həmin məbləğ qədər artım təklif olunur. Pandemiyanın real sektora da aktivliyin azaltdığını və eləcə də sosial təcrid tədbirlərinin tətbiq olunduğu müddətdə təsirlərə məruz qalan 20 fəaliyyət sahəsindən 11-də fəaliyyətlərin tamamən dayandığını nəzərə alsaq özəl sektordan daxil olmalarda artımın proqnozlaşdırılmasının geniş izahatına ehtiyac var. Çünkü nəticə etibarı ilə, aktivlik azalırsa bu ödənişlərin də azalmasına səbəb olmalıdır: hətta qeyri-rəsmi məşğulluğun rəsmilləşdirilməsi əmsalı nəzərə alınanda da".
Millət vəkili bildirib ki, digər məqam isə təklif olunan layihədə əmək pensiyalarının ödənilməsi xərclərinin 26, 769 milyon manat azaldılmasıdır.
"Bu istiqamət pandemiyanın təsir etmədiyi sahə olunduğundan azalmanın səbəblərinin geniş izah edilməsinə ehtiyac var. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin təxminən 7 ay əvvəl qəbul olunduğunu nəzərə aslaq qanun layihəsində nəzərdə tutulan optimallaşmaların nəyin hesabına olacağına aydınlıq gətirilməlidir. Məsələn, yeni doğulan uşaqlara və ya 3 yaşa qədər uşaqların valideynlərinə verilən müavinətlərin həcmindəki azalmaların səbəblərinin geniş izahatına ehtiyac var".