Müəllim işləmək istəyənlər üçün yeni təlimat - Emin Əmrullayevdən əmr

ÖLKƏ
11:37 / 06.08.2020
1347

Koronavirus pandemiyası dövründə keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb.

HİT.Az xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə müvafiq dəyişikliyin edilməsi barədə əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsidir.

Yeni təlimata görə imtahana gələrkən aşağıdakı sənədləri gətirmək mütləqdir:

a) şəxsiyyəti təsdiq edən sənəd;

b) şəxsi səhifədən çıxarış;

c) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsini;

Namizəd şəxsi səhifəsində qeyd olunan vaxtda müəyyən edilmiş imtahan mərkəzində olmalı, imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdə müvəqqəti olaraq maskanı çıxartmaq olar);

İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılır və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. Yoxlamadan keçərkən namizəd sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməli və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Namizədi müşayiət edənlər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Namizədlər özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və qeyd olunanlara riayət etməlidirlər. İmtahan prosesində tibbi maskasını çıxardan və təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirməyən namizəd imtahandan uzaqlaşdırılacaq və imtahan nəticəsi ləğv ediləcək. Həmin namizəd cari il təkrar müsabiqədə iştirak edə bilməyəcək.

0