Barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq.
Bir müddət öncə şəhidimiz General-mayor Polad Həşimovun büstünü hazırlayan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi, Təbriz Soltanlı növbəti əsərini yaradıb. O, bu dəfə qəhrəman şəhidimiz polkovnik İlqar Mirzəyevin büstünü əbədiləşdirib.
Gənc heykəltaraşın verdiyi məlumata görə, polkovnikin barelyefi 10 günə hazırlanıb: "Tovuz hadisələrindən sonra hər kəs şəhid olan qəhramanlarımız üçün çalışır ki, nəsə etsin. Rəssamlar onların portretlərini hazırladı, musiqiçilər onlardan bəhs edən mahnı bəstələdi və s. Mən də çalışdım ki, dəryada bir damla olum. Ona görə də şəhidimiz polkovnik İlqar Mirzəyevin barelyefini hazırladım. Barelyefin eskiz və gil versiyası 10 günə hazır oldu. İndi gil versiyadadır, tam hazır olduqdan sonra ailəsinə təqdim edəcəm. Hazırda paytaxta gəlirəm, barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq".
Qeyd edək ki, heykəltaraş bundan əvvəl Milli qəhrəmanımız Mübariz İbrahimovun, General-mayor Polad Həşimovun barelyefini hazırlayıb. O, bundan başqa, dahi şairlərimiz Mikayıl Müşfiq, Əhməd Cavadın, teatr və kinomuzun əfsanəvi aktyoru Səməndər Rzayevin barelyefini hazırlayıb.