Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.
Hit.Az-ın avtosfer.az-a istinadla verdiyi xəbərə görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.
Bu gün isə Hafiz Hacıyevin Azadlıq prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona “saxla” işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.
Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.
“Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”
“Mənə yol polisi 1 manat cərimə belə yazmayıb. Sürücülük hüququmun alınması xəbərləri də yalandır”.
Bu sözləri isə modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilməsi haqqında xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu xəbəri kimsə məqsədli şəkildə yayıb:
“Boş-boş söhbətlərdir. Elə böyüdüb, yazıblar ki, elə bil məhkəmənin qərarı var. Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?! Bizi istəməyən qüvvələr belə yalan məlumatları yayırlar, qoy yaysınlar. Əhəmiyyət verməyin!”