Azərbaycanda mənimsəmə və dələduzluqda ittiham olunan “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin idarə heyətinin sədri vəzifəsində işləmiş Pərvin Əhmədov, ”Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin krediti mütəxəssisi və xəzinədarı işləmiş Zamiq Ocaqverdiyev, “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin baş mühasibi işləmiş Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
HİT.Az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, mütəşəkkil dəstənin üzvləri vətəndaşların adına kredit ayıraraq, həmin pulları mənimsəyiblər.
Onlar bu hərəkətləri ilə Onlar ümumiliklə 442.070 manat kredit vəsaitinin rəsmiləşdirərək ələ keçiriblər.
Daha sonra dəstə üzvləri – saxta sənədlər hazırlayaraq MM-nin xəzinəsindən 121000 ələ keçiriblər.
İstintaq orqanı tərəfindən mütəşəkkil dəstənin üzvləri barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-cı (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamiq Ocaqverdiyev bildirib ki, ittiham aktında “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin rəhbərinin Zamiq Ocaqverdiyev olduğu göstərilsə də, təşkilatın adından görünür ki, onun rəhbəri amal Ocaqverdiyev olub, Hikmətlə Ziya isə onun oğullarıdırlar: “Camal Ocaqverdiyev Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi 31 mart 2015-ci il tarixli izahatında bildirib ki, “Hikmət-Ziya Kredit İttifaqı” MMC onun tərəfindən 2007-ci ilin sentyabr ayında yaradılıb. Həmin MMC-nin təsisçiləri 11 nəfər olmaqla hər biri onun yaxın qohumlarıdır. Yarandığı gündən 2014-cü ilin sonunadək MMC-nin Müşahidə Şurasının sədri onun həyat yoldaşı Radə Ocaqverdiyeva olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2015-ci ilin əvvəllərindən Müşahidə Şurasının sədri Camal Ocaqverdiyev özü olub və həmin cəmiyyətə faktiki rəhbərliyi özü həyata keçirib: “Hətta Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Lənkəran Ağır Cinayətlə Məhkəməsinin sədri Elxan Süleymanova göndərilmiş 13 dekabr 2017-ci il tarixli məktubdan da görünür ki, amal Ocaqverdiyevin və qeyrilərinin barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işinə əlavə edilərək baxılması üçün göndərilib. Lakin hazırda iş materiallarında Ocaqverdiyev Camalın adı nədənsə zərərçəkmiş qismində keçib.
İcraatda olan bu cinayət işi ilə birlikdə baxılması üçün göndərilmiş cinayət işinin aqibəti isə məlum deyil. Bu hadisələrin başlanma səbəbi Camal Ocaqverdiyevin kənd təsərrüfatı üçün ayrılmış az faizli kreditdən mənim qeyd olunan kredit təşkilatına vəsait ayrılması üçün Sahibkarlığa Kömək Milli Fonduna üzv olmaq istəyim olub. Həmin fondda işləyən Mahir adlı şəxs Camala fonda üzv olmaq üçün 300 nəfərdən çox kredit vermiş olduğu vətəndaşların və kredit təşkilatının Nizamnamə fondunun 300.000 manatdan çox olmalı olduğunu bildirmişdi. Buna görə Camal kredit təşkilatından əvvəllər kredit götürüb, ödəyib, qurtarmış şəxslərin adlarını rüblük hesabatdan seçmə üsulu ilə qeyd edib, həmin şəxslərin kredit qovluğundan şəxsiyyət vəsiqələrinin və başqa uyğun gələn sənədlərin surətlərinin çıxarılması, yeni kredit qovluğunu tərtib edilməsi, göstərdiyi məbləğdə həmin şəxslərin adına kredit sənədləşdirilməsi barədə Zamiqə göstəriş verib”.
Zamiq Ocaqverdiyev qeyd edib ki, Camal hər rübün sonunda ona, özünün müdiri olduğu “Kapital Bank” ASC-nin Füzuli rayon filialından kredit rəsmiləşdirilməsi üçün kredit götürmüş şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini verib və hər birinin adına ayrı-ayrılıqda məbləğlər qeyd edib, kreditlər rəsmiləşdirildikdən sonra məxaric olunmuş pulları ondan alıb:
“Daha sonra Camal həmin məxaric edilən pullardan 2-ci hesab adlandırdığı hesab yaradıb. Bu yolla vətəndaşlara kredit verəcəyini və bundan yalnız mənimlə özünün xəbəri olacağını bildirib. Camal mənə həmçinin bildirib ki, müdiri olduğu “Kapital Bank” ASC-nin Füzuli rayon filialında kredit götürmək üçün vətəndaş ona müraciət etdikdə, o, müxtəlif bəhanələrlə vətəndaşa kredit verilməsindən imtina edərək, vətəndaşlara əmisi oğlu Zamiqin kredit təşkilatı olduğunu, kredit verməsi üçün ona xahiş edəcəyini deyib.
Qeyd olunan təşkilatın təsisçisi və sahibi Camal olduğundan, təşkilatı müdir işlədiyi “Kapital Bank” ASC-nin Füzuli rayon filialının köməkçi binasında qanunsuz olaraq yerləşdirib ki, aldatma yolu ilə vətəndaşın bankdan kredit götürmək ümidini boşa çıxarsın və kredit götürmək üçün təşkilata yönləndirmək asan olsun. Bu yolla vətəndaşı razılığa gətirdikdən sonra Camal vətəndaşlara kredit götürmələri üçün girov qoymalı olduqlarını bildirib. Əgər avtomobil girov qoyulacaqdısa, vətəndaşın ümumilikdə 200-250 manat xərci çıxacağını, yollarda əziyyət çəkəcəyini, bunları tam şəkildə hazırlayıb, təşkilata təqdim etdikdə çox vaxt gedəcəyini, həmin qaydaların eynilə Əmlak Məsələləri Dövlət Komitəsində təkrarlanacağını bildirib.
Komitədən müvafiq sənədləri, notarius tərəfindən razılıq sənədi almaq üçün dövlət rüsumları ödəmək və s. digər xərclər olduğunu, birlikdə 400-500 manat pulun boş yerə xərclənəcəyini deyib. Camal bu sözləri ilə müraciət edən vətəndaşı aldadaraq həmçinin bildirib ki, ona hörməti ondan ibarət olar ki, növbədənkənar və bir gün ərzində əmisioğlu Zamiqdən kredit verməsi üçün xahiş edər, amma bir şərtlə ki Zamiq krediti aylıq 3%, “şapka” 10% və xidmət xərci 2% olmaqla verəcəkdir”.
Zamiq Ocaqverdiyev qeyd edib ki, işlətdiyi dükana mal almaq üçün Bakı şəhərinə tez-tez getdiyindən, 2014-cü ilin mart ayının əvvəlində Camal ona çox vaxt orada olmadığından kredit verə bilmədiyini bildirib, dövriyyənin azalmaması üçün vətəndaş kredit götürmək istəyəndə kredit verə bilməsi üçün 30 ədəd boş blank olan məxaric orderi, kredit və zaminlik müqavilə blankları və onun vəzifəsinə uyğun imza etməli olduğu yerlər olan digər sənədlərə imza edib, verməsini, həmin sənədlərin Camalda qalmasını deyib:
“Camalın sözlərinə inanıb qeyd olunan sənədlərin hamısına imza edib ona vermişəm. Sonradan mənə məlum oldu ki, Camal 2014-cü ilin iyun ayında qohumların və dostların adlarına yazdığı saxta kreditlər üçün mənə imza etdirdiyi ağ blanklardan ibarət olan yazılmamış orderlərdən və digər sənədlərdən istifadə edib. Mart ayının sonunda Camal 1-ci hesabda yazılmış saxta kreditlərin həmin tarixə qalıq qalan əsas mənbəyini hesablatdırıb, ümumi qalıq 292.000 manat olub. Camal yaxın dostların və qohumların adlarına kredit sənədləri hazırlamalarını, 292.000 manatı həmin şəxslərin arasında bölərək yüksək məbləğdə kredit yazaraq onlara imza etdirmələrini deyib, saxtakarılığını pərdələmək istəyib. Sahibkarlığa Kömək Milli Fondunda işləyən Mahir adlı şəxsin kredit təşkilatının Nizamnamə fondunun 300.000 manatdan çox olmalı olduğunu Camala bildirməsindən sonra Camal mənə yaxın tanışlarından, dostlarından “Kapital Bank” ASC-yə depozit qoymaq istəyən olacağı təqdirdə, həmin şəxsləri kredit təşkilatına yönləndirilməsini tapşırıb.
Mən dükanda olarkən tanışım Rauf Qarayev ofis ləvazimatları almaq üçün oraya gəldi, söhbət əsnasında sonuncu mənə 10.000 manat pulu olduğunu, qazanc əldə etmək üçün hər hansı bir sahəyə sərmayə qoymaq istədiyini bildirdikdə, Camal dediyi qaydada Raufa kredit təşkilatına depozit qoyaraq qazanc əldə edə biləcəyini dedim. Camalla görüşərək depozit qoymaq istəyən olduğunu dedikdə, sonuncu mənə mədaxil orderində rəhbər və xəzinədar yerinə özünün imza etməsini, baş mühasib qrafasını Orxana imza etdirməsini, lakin imza etdirən zaman məbləğ qrafasında məbləği yazmamağı dedi. Rauf dükana gələrək təklifə razı olduğunu bildirdikdə, Raufdan 10.000 manatı qəbul etdikdən sonra sonuncuya mədaxil qəbzi və depozit müqavilə forması verdim”.
Zamiq Ocaqverdiyev digər cinayətlərdə olduğu kimi məhkəmədə danışıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamiq Ocaqverdiyev 8 il 6 ay, Orxan Məmmədov 4 il müddətinə azadlıqdan əhrum edilib.
Pərvin Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub.
Hökmdən narazı qalan Zamiq Ocaqverdiyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Zamiq Ocaqverdiyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət araşdırılması üçün hakim İnqilab Nəsirovun icraatına verilib.
Zamiq Ocaqverdiyevin kasasiya şikayətinə yaxın günlərdə baxılacağı gözlənilir.