Ötən illər ərzində peşə təhsili müəssisələrinə qəbul ASAN Xidmət mərkəzləri tərəfindən həyata keçirilirdisə, bu il qaydalar dəyişdirilib.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuzadə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, pandemiya dövrünü nəzərə alaraq, vətəndaşlar qebul.vet.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər:
"Əvvəlki illərdə müraciətlər kənar şəxslərin müdaxiləsi ilə aparılırdısa, bu il tam şəffaf şəkildə qeydiyyat prosesi baş tutacaq. Müraciət edən şəxs ixtisası seçdikdən sonra müsabiqənin nəticələrini şəxsi kabinetdə öyrənə biləcək".
O qeyd edib ki, bu il ötən illərdən fərqli olaraq, tələbə qəbulu ictimaiyyətə açıq şəkildə elan olunacaq:
"Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı, yaxud da Təhsil Nazirliyinin saytında qəbul nəticələri yerləşdiriləcək. Qəbulda əsas tələb olunan sənəd şəxsiyyət vəsiqəsi, ölkə ərazisində qaçqın statusunda yaşayan şəxslərdən BMT-nin verdiyi qaçqın statusunu təsdiqləyən sənəddir. Hər bir şəxs bir nömrə ilə qeydiyyatdan keçə bilər və bu nömrəyə mesaj vasitəsilə bildirişlər göndəriləcək".
Röyal Yolçuzadə əlavə edib ki, cari ildə buraxılış imtahanlarında iştirak etməyib, attestat ala bilməyən şəxslər bitirdikləri orta təhsil müəssisələrindən qiymətləndirmə cədvəlini alıb, peşə təhsili müəssisələrinə təqdim edəcəklər:
"Hər bir şəxsdən xahiş edirik ki, qeydiyyatı özləri aparıb, şəxsi məsuliyyətlərini öz üzərlərinə alsınlar".