“Hər dəfə mən hansısa bir dövlət qurumu, ya onun rəhbərini tənqid edəndə, nəsə bir təklif, məsləhət verəndə, sabahı haqqımda sifarişli yazılar çıxır. Övladlarım 15 il bundan qabaq universiteti bitiriblər və yüksək vəzifələrdə çalışırlar”.
Bunu HİT.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin onun barəsində yazdığı məqaləyə münasibət bildirərkən deyib. O, bildirib ki, mən onu tanımıram, amma yazdıqları haqda məlumatım var:
“Ən azından azərbaycanıyam, həm elmlər doktoru, professoram, həm də millət vəkiliyəm. Bizə möhtərəm prezident İlham Əliyev deyib ki, harda qüsur görsəniz açıqlayın. Bu bizim birmənalı vəzifə borcumuz, kodeksimizdir. Belə bir şey olan gününün səhəri sifarişlə yazılar gedir. Mən bunlara ironiya ilə baxıram. Həmişə problemləri demişə, yenə də deyəcəyəm. Qurumların rəhbəri və ya orda bu işlərlə məşğul olan insanlar başa düşməlidirlər ki, hər hansısa problemlə bağlı fikir bildirmək millət vəkilinin bilavasitə borcudur. Elə vaxtlar olub ki, mən hansısa qurumu tənqid etmişəm, təklif vermişəm, sonra zəngləşib dostlaşmışıq. Bankomatlardakı problemlərlə bağlı bir vaxt yazım çıxmışdı. Çox yaxşı da qarşılandı. Mən istəyirəm ki, hər şey yaxşı olsun, insanlar əziyyət çəkməsin. Birincisi, dediyim kimi haqqımda yazılanları ironiya ilə qəbul edirəm. İkincisi sifarişçi burda, alət xaricdədir. Bildiyimə görə həmin adam xaricdə yaşayır. Neçə illərdir belə şeylərlə qarşılaşıram. Amma fikrim budur ki, yalan yazmasınlar, bir az əziyyət çəkib araşdırsınlar. Deputat barəsində məlumat verirsənsə, heç olmasa maraqlan. Nədir, nə deyil... CBC-ni açıb baxsın. Mənim orda "Sahibkar saatı", "Günün iqtisadiyyatı" adlı proqramlarım var. Biri o gün yazıb ki, heç azərbaycan dilini bilmir. Mən sizinlə başqa bir dildə danışmıram ki?! Mən ingilis dilini də bilirəm. O dildə təhlillər də verirəm. Xarici ölkələrdə ingilis dilində Azərbaycan həqiqətlərindən danışıram. Həmçinin universitetin professoruyam.
Sifarişi qəbul edəndə bir bax kimdir. 20-25 il bundan qabaq harda işləyib. Adam heç olmasa işi görəndə, bir az məsuliyyətlə, peşəkarlıqla görər. Güldürmə insanları. Ölkə tanıyır məni, MDB məkanı tanıyır. Açıb bir vikipediyada mənim titullarıma baxın. Elələri var ki, yalandan yazırlar ki, 300 məqaləsi, kitabı var və s. Amma mən 300 məqaləni 1 ilə yazmamışam. 30-35 ilə yazmışam. Yəni, belədir.
Amma yazırlar ki, ay elə elədi, ay belə elədi, uşaqları... Mənim uşaqlarım universiteti 15 il bundan əvvəl qurtarıb. Hər ikisi yüksək vəzifədədirlər”.
Deputat rəqəmlərin çox şişirtmə olduğunu, həmçinin övladlarının təhsil aldıqları gündən işlədiklərini deyib:
“Bu gün dünya iqtisadiyyatında ən çox tələb olunan mütəxəssis analitik-ekspertdir. Onlar da bu sahənin mütəxəssisləridirlər. Ərəb ölkələrində yaşayır, elə orda da işləyirlər. Tez-tez onları İngiltərəyə, Amerikaya göndərirlər. Orda müəyyən məsləhətlər verirlər. Amma Azərbaycana qayıtmaq istəyirlər, burda da işləyəcəklər. Oğlumun biri 2 ildən çox Neft Fondunda da çalışıb, öz töhfəsini verib. Çox böyük hörmətlə də onu yola saldılar, sonra getdi təhsilini davam etdirməyə. İşləyib, özlərinə ad qazanmaq istəyirlər. Mən onlarla fəxr edirəm. Hər bir valideyn övladları ilə qürur duymalıdır. Allah bütün övladları qorusun".
Qeyd edək ki, Cavanşir Həsənli millət vəkili Rüfət Quliyevin iki oğlunu Dubayda Amerikan Universiteti adlı özəl ali məktəbdə oxutmaq üçün ildə azı 250-300 min dollar pul xərclədiyini yazıb.
Çingiz Səfərli