Son günlər vətəndaşlar “Azərişıq” ASC-nin fəaliyyətindən narazılıqlarını bildirərək sosial şəbəkələrdə elektrik enerjisi üzrə borcun "şişirdildiyini” iddia edirlər.
“MediaPost” xəbər verir ki, şikayətçilərin əksəriyyəti hər ay olduğu kimi enerji sərf etsələr də, artıq məbləğdə borc yazıldığını bildirirlər.
“Azərişıq” ASC isə belə şikayətlərin hər il olduğunu bildirərək iddiaları təkzib edir.
Elektrik enerjisi sərfiyyatına görə, ödənişlərin məbləği hansı səbəbdən çox ola bilər?
Ekspert Osman Gündüzün sözlərinə görə, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər:
“1. “Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil. Ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı sadəcə düz hesablamır.
2. “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir “billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb.
3. İnsan amili rol oynayıb. Yəni “manual” olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan bu inandırıcı gəlmir.
4. Ola bilər ki, “Azərişıq” ASC-nin “real billing” sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub, rəsmilər də “manual” olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub.
5. “Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün belə bir addım atılması hədsiz, çox böyük risk olardı. Bu baxımdan inandırıcı deyil”.
İqtisadçı Natiq Cəfərli isə “MediaPost”a açıqlamasında bildirib ki, bu şikayətlərin obyektiv və subyektiv səbəbləri ola bilər:
“Obyektiv səbəb odur ki, karantin dövründə insanlar evdə çox qaldıqca daha çox kondisionerdən istifadə edirlər. Yəni elektrik enerjisinin istifadə olunması xeyli dərəcədə artır.
Subyektiv səbəb isə müdaxilələr ola bilər. Amma bunun üçün texniki analiz, məsələnin aktlaşdırılması və sübut olunması lazımdır. Kənardan sadəcə belə bir ehtimal irəli sürə bilərik. Amma belə şikayətlər çoxdur. Bildiriş çekinə baxdıqda orada kilovatın düzgün hesablandığını görmək mümkündür. Amma limitin necə hesablanması ilə bağlı çox zaman insanlara açıq məlumat verilmir. “Bakıelektrikşəbəkə”nin verdiyi hesab fakturasında bu görünmür. Vətəndaşlara israf etdikləri elektrik enerjisi ilə bağlı daha aydın şəkildə məlumatı verilməlidir”.
Problemdən çıxış yolu nədir?
N.Cəfərli bildirib ki, ən yaxşı üsul məhkəmələrə müraciət etməkdir: “Məsələn, bir neçə qonşu belə bir hadisə ilə üzləşibsə, onlarla, yüzlərlə belə məhkəmələrə müraciətlər olsa, ən azından “Azərişıq” məcburən buna cavab verməli olacaq. Məhkəmə qərarlarında ekspertizaların təyin edilməsi ilə bağlı mexanizm var. Amma bu, vətəndaşa çətin və ağrılı bir proses kimi görünür. Yaxşı olardı ki, əlaqədar dövlət orqanları ictimai müzakirələrdən nəticə çıxararaq istehlakçıların hüquqlarını müdafiə komitəsi ilə birgə belə bir komissiya yaradıb araşdırmalar aparsın və nəticəsini ictimaiyyətə elan etsin. Heç olmasa, bununla məsələlərə az da olsa, aydınlıq gətirilməsi mümkün olardı”.