Boya və fırçası ilə cilddən-cildə girən azərbaycanlı rəssam - FOTOLAR

ÖLKƏ
21:57 / 12.08.2020
808

Xədicə Muxtarova: "10 ildən sonrakı halımı təsəvvür edəndə, gözümdə səhnə və tamaşaçı alqışı canlanır” O, rəqəmsal texnologiyanın və boyanın dili ilə vizual təsvir yaradır. Boyalar vasitəsilə rəngli bir dünyaya sahib olan Xədicə Muxtarova, eyni zamanda, sevilən yerli və xarici film qəhrəmanlarının qrimini edir və ən maraqlısı burasındadır ki, elə özü də həmin obrazları canlandırır. Rəssamlıqla aktyorluğu bir araya gətirərək, istedadını kiçik videolarla sosial şəbəkələrdə tamaşaçılara təqdim edən gənc rəssam Xədicə Muxtarova qonağımızdır. Deyir ki, hər hansı obrazı canlandırmaq üçün həmin obraz birbaşa onun qəlbinə xitab etməli, ruhunu oxşamalıdır. 28 yaşlı müsahibim peşəkar şəkildə rəssamlıqla məşğul olub. Belə ki, kiçik yaşlarında qardaşı ilə birlikdə qısa obrazlar səhnləşdirərək lentə alıb. 9-cu sinifdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Kollecinə daxil olub. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsilini davam etdirib. 2016-cı ildə bakalavr təhsilini başa vurduqdan sonra Moskvada "F Dizayn" floristik məktəbdə 1 il təhsil alıb. Daha sonra isə Rəssamlıq Akademiyasında magistr pilləsinə oxuyub. Hazırda isə sosial şəbəkədə sevilən filmlərdən səhnəciklər hazırlamaqla tanınır. Qəhrəmanların obrazlarının qrimyoru və aktrisası kimi sevilir. Əlindəki boya və fırçası ilə cilddən-cildə girməyi bacarır. Bəzən isə ona "buqələmun” deyirlər. Çünki seçdiyi obrazını şəklini almağı asanlıqla bacarır və bunun öhdəsindən peşəkarlıqla gəlir.

- Rəssam olduğunuz halda, sevilən film qəhrəmanlarının obrazlarını yaradaraq daha çox tanındınız. Bu gün vinerlər, bloggerlər günün tələblərinə cavab verdikləri üçün belə videolar çəkmək qərarına gəldiniz? - Əslində obrazlar yaradarkən məqsədim heç də blogger kimi tanınmaq və bu şəkildə məşhur olmaq deyildi, indi də bu niyyətdə deyiləm. Sadəcə, sosial şəbəkədə deyil, həyatda da bunu reallaşdırmaq istəyirəm, yəni sosial şəbəkədən karyeraya doğru yol almağı hədəfləmişəm. Uşaqlıqdan yerli və xarici filmləri izləyir, həmin filmlərdə rol almaq istəyirdim. Yəni bu istəyin içində nə internet fenomeni olmaq, nə də trendə düşüb məşhur olmaq yoxdur. Sevdiyim filmlərdən, bəyəndiyim personajların qrimini edib, onları canlandırıram. Film qəhrəmanlarının maneraları, jestləri mənə xoş gəldiyi üçün onları canlandırmağa başladım və bunu sosial şəbəkədə paylaşdım. Bu da bəyənildiyi üçün davam etdim. Hazırda vayner kimi bir çox təkliflər alsam da, özümü bu statusda görmürəm.
- Aktrisa kimi sosial şəbəkə üzərindən videolar paylaşmaq sizi nə qədər qane edir? - Bununla qane ola bilmərəm. Məqsədim ən azı bir neçə tarixi, dram və komediya janrlı filmlərdə rol almaqdır. Kino izləməyi və maraqlı obrazlar yartamağı sevirəm. İnanıram ki, bu istəyim nə zamansa həyata keçəcək. Qısa videolar çəkərək obrazlar canlandırmağa qane olmayacağam. Ümid edirəm ki, pandemiya bitdikdən sonra yeni layihələr də olacaq.

- Hədəfiniz nələrdir və özünüzü 10 ildən sonra harda görürsünüz? - Bu günlə yaşayan insanam. Təbii ki, gələcək üçün də hədəfim var. 10 ildən sonrakı halımı təsəvvür edəndə, gözümdə səhnə və tamaşaçı alqışı canlanır. Ailəm mənimlə fəxr edir və sevdiklərimin ətrafımda olduğunu görürəm. Nəinki yerli filmlərə çəkilir, beynəlxalq film festivallarında filmlərimin nümayiş olunduğunu görürəm. Əsas hədəflərimdən biri isə beynəlxalq film arenasında azərbaycanlı aktrisa kimi təqdim edilməyimdir. Bilirəm ki, buna gücüm çatacaq. O enerjini özümdə hiss edirəm. Çünki bunu çox istəyirəm. Bu günə qədər nəyi ürəkdən istəmişəmsə, Allahın köməkliyi ilə ona da nail olmuşam. Hər şeyin bir zamanı var. Yəqin ki, bu hədəfim də reallaşar.
- Adətən, insanın özünü qrim etməsi bir qədər çətin olur. Bu prosesə necə öyrəşdiniz? - Karantin vaxtı evdə yüngül qrimlər edirdim. O zaman xüsusi boyalarla işləmirdim. Əlimdə olan imkanlarla sadə qrim edirdim. Sonra belə bir istəyim olduqda, lazımi boyaları əldə etdim. Qarşıma bir məqsəd qoydumsa, nə olursa-olsun, o məqsədə çatmaq üçün əlimdən gələni edirəm. İstək olduqdan sonra adi çuğundurdan da boya əldə edib, işləyən biriyəm.

- Bəs geyimləriniz? Karantin günlərində canlandırdığınız aktyorların geyimlərini necə əldə edirsiniz? - Canlandırdığım obrazların geyimləri çox zaman ailə üzvlərimizin köhnə, ya da yeni geyimləri olur. Bəzən də çoxunu özüm tikirəm. Geyim hazır olduqdan sonra qrimə keçirəm. Qrimi edib güzgüdə baxıram, bəzən onda qüsurlar gözümə çarpmır. Ancaq kameranın qarşısna keçəndə əsas qüsurlar orada görünür. Kameranın qarşısnda nəyisə artıq etdiyimi görürəm, onu düzəldib tam üzərinə oturduram. Onu da deyim ki, qrimi üzə oturtmaq xeyli vaxt alır.
- Moskvada aldığınız təhsil sizə nə qazandırdı? - Bu məktəbdə təhsil almaq, ilk növbədə, mənim özünəinamımı formalaşdırdı. Yeni biliklər əldə etdim. Özümülə təklikdə necə əyləncəli vaxt keçirməyi öyrəndim. Bu məktəbdə təhsil aldığım müddətdə daha çox özümdən əmin oldum. Bununla bərabər, dünyagörüşüm, insanlara baxış bucağım daha da genişləndi. Açığı, fərqli düşüncəyə malik insanam, bu prosesdə düşüncələrim, bir növ, daha da formalaşdı. Bu bir il mənə çox yaxşı təsir etdi. - Canlandırdığınız obrazları həm geyim, həm də plastika olaraq üzərinizə oturtmağı bacarırsınız. Obrazları necə seçirsiniz, gündəmə uyğun, yoxsa sizə doğma olması daha önəmlidir? - Sevdiyim obrazların qrimini edirəm və onun trenddə olub-olmamasına diqqət yetirmirəm. Daha çox ruhuma yaxın olan personajları canlandırıram. Filmlərdən qəhrəman seçmirəm, hansı qəhrəman mənə yaxındırsa, onu da qrim edib canlandırıram. Ürəyimcə olmayan və ruhunu tuta bilmədiyim obrazın emosiyalarını yaşaya bilmirəmsə, onu canlandıra bilmərəm. Fərqli obrazların adlarını çəkib, onları canlandırmağımı xahiş edirlər. Hələ canlandıracağım bir çox obrazlar var.
- Bu işə başlayanda sizi qınayanlar və heç də maraqlı olmayacağını, özünüzü doğrulda bilməyəcəyinizi deyənlər oldumu? - Qınayan da oldu, qınamayan da. Gözləmədiyim insanlardan dəstək aldım. Ancaq dəstəyini gözlədiyim bir çox insanlar susub kənara çəkilsələr də, dəstəkçilərim daha çox oldu. Hətta iki gün video paylaşmayanda, soruşurlar ki, sizdən yeni obrazlar nə vaxt olacaq və niyə iki gündür yeni obraz paylaşmırsınız. Bu, gözəl hissidr. İşinin bəyənildiyini görmək və ona tələbatın olmasını görmək insanı ruhlandırır.
- Bəs kompleskləriniz necə? Çünki bu sənətlə məşğul olmaq üçün gərəkdir ki, komplekslərdən uzaq olasınız. - Heç zaman kompleksim olmayıb. Bu elə sahədir ki, orda adi bir video çəkirsənsə, heç bir kompleks olmamalıdır. Sən o anı, obrazı yaşamalısan. Yaşamasan, onu reallaşdırmaq mümkün deyil.

- Video çəkməyə başlayanda gözləyirdiniz ki, bu qədər diqqətə, marağa səbəb olarsınız və fenomenə çevrilərsiniz? - Özümü fenomen hesab etmirəm. Çünki fenomen olmağıma çox var. Bunun üçün daha çox izləyicinin olması şərtdir. İşə başlayanda isə videolarımın marağa səbəb olacağına və bu qədər çox paylaşılacağına inanmırdım. Bu iş mənə yeni insanlar tanımağıma vəsilə oldu.
- Ən çox sevilən obrazınız hansı oldu? - Ən sevilən obraz "Bəyin oğurlanması" filmindən canlandırdığım fraqment idi. Yaşar Nuri, Ramiz Əzizbəyli və Eldəniz Zeynalovun canlandırdığı "Aman Tello" mahnısının oxunduğu səhnəciyi nəzərdə tuturam. Bu səhnə hər kəsə tanışdır. Ümumiyyətlə, mən komediya və dram janrını çox sevirəm. Canlandırdığım obrazların hamısı mənə əzizdir. Yalnız bir-ikisinə tərəddüdlə yanaşsam da, tamaşaçılar onları da bəyənir.
- Canlandırdığınız obrazların içərisində kişi qəhrəmanlar daha təbii alınır. Bunun xüsusi bir səbəbi varmı? - Bunu mənə çox deyirlər ki, kişi obrazları yaradarkən xarakterləri yaxşı oturdursunuz. Açığı, səbəbini bilmirəm. Mənə çox vaxt buqələmun deyirlər. Hansı obrazı götürsəm, onun şəklini alıram. Bəlkə də həmin obrazların replikalarını deyəndə, o havaya girirəm. Obrazı canlandırmağa hazırlaşarkən isə heç vaxt güzgünün qarşısında məşq etmirəm. Qrim edərək replikaları təkrarlayıram və kameranı qoşub qarşısına keçirəm. - Rəssamlıqla aktrisalıq tamamilə fərqli sahələrdir. Hər ikisi də fərqli struktura malikdir. Onları bir arada tutmaq və ortaq bir nöqtədə birləşdirmək çətin olmadı? - Heç də çətin olmadı. Obraz canlandırmaq uşaqlıdan daxilimdə olan bir istək idi. Filmlərə baxanda bu bacarğımı özümdə hiss etmişdim. Belə ki, izlədiyim film qəhrəmanlarının mimikalarını təkrar edir və replikalarını əzbərləyirdim. Yəni o ruha, ab- havaya girirdim. Mənim üçün ikisini də bir arada cəm etmək və bir məqsəd üçün istifadə etmək heç də çətin olmadı. Əslində işin ən gözəl tərəfi odur ki, rəssamlıq bacarığına sahib olmağım işin estetik tərəfinə kömək edir. Aktrisalıq istəyimlə birlikdə vəhdət təşkil edir.

0
Kaspi.az