Fransalı tələbənin karantinli Bakı təcrübəsi: “Mütləq buraya ailəmlə qayıdacağam”

ÖLKƏ
20:28 / 12.08.2020
755

Fransalı tələbə Jülyet Pelu son semestrini Bakıda davam etdirməyə qərar verib. Amma iki ay sonra koronavirus pandemiyasına görə təhsilini dayandırmalı olub. Onun karantini Bakıda necə keçirdiyi və ölkəmizdən hansı təəssüratlarla ayrıldığını videomuzda izləyin.

Fransanın cənubunda jurnalistika sahəsində təhsil alan 23 yaşlı Jülyet Pelu son semestrini başqa bir ölkədə bitirmək qərarına gəlir. Bir çox seçimlə üzləşən gənc jurnalist ən sonda Azərbaycanın üzərində dayanır. Ölkə haqqında daha öncəki tanışlığı yalnız “National Geographic” jurnalında gördüyü möhtəşəm şəkillər olmasına baxmayaraq, gənc qız yeni mədəniyyətlərlə daha yaxından tanış olmaq istədiyi üçün, ölkəmizi özü sınaqdan keçirmək qərarını verir.

Bu ilin yanvarında son semestrini ADA universtitetində başlayır və Bakı ilə ilk tanış olduğu andan burada özünü sərbəst və rahat hiss edir. Jülyetin fikrincə, bunu səbəbi insanlarımızın olduqca xeyirxah olmasıdır:

“Fikrimcə, azərbaycanlılar çox səxavətlidirlər. Bir probleminin olduğunu görəndə dərhal yardım etməyə çalışırlar. Daha öncə tanımadığımız insanlar bizi öz evinə çay qonaqlığına dəvət edirlər”, - deyə fransalı xanım öz təəssüratlarını bizimlə bölüşür.

Amma Jülyet buradakı semestrin dadını tam çıxara bilmir, çünki ikicə aydan sonra bütün ölkədə xüsusi karantin rejimi elan edilir və fransalı tələbə pandemiyanın bütün “gözəlliklərini” məhz Bakıda yaşayır.

“Mən o vaxt Bakını tərk etməmək qərarına gəldim. Hey düşünürdüm ki, bir-iki həftəyə hər şey bitəcək. Dərslərim isə onlayn rejimdə davam etdi və onlar, doğrudan da çox maraqlı idi”, - deyə o bizə danışır.

İyun ayında isə qismən yumşalan karantində Jülyet nəhayət Bakıda yay ab-havasının dadını çıxara bilir və hətta rayonlarımıza səyahət etməyə müvəffəq olur. Nəhayət, təhsilini başa çatdırıb Fransaya geri dönən Jülyet mütləq bir daha Bakıya qayıdacağına dair söz verir, bu dəfə ailəsi ilə.

0
Sputnik.az