Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

ÖLKƏ
17:30 / 12.08.2020
1438

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.

Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.

Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva “Report”a deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır: “Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir”.

Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:

“Hesab edirəm ki, biz buna getsək ölkəmizdə yoluxmanın sayı arta bilər. Hesab edirəm ki, toy, nişan və yas mərasimlərinin hələ ki, keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:

“Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər”.

Deputat bildirib ki, bir neçə gündən sonra Azərbaycanda Məhərrəm ayı başlayır: “Həmin ayda ölkəmizdə toy mərasimləri keçirilmir. Ümidvaram ki, Məhərrəm ayı bitdikdən sonra koronavirus üzərində qələbəmizi təmin edə biləcəyik və normal həyat tərzinə qayıdacağıq. Toy mərasimlərinin hansı qaydalara uyğöun təşkil olunması məsələsi ölçülüb-biçilməlidir. Ola bilsin ki, çox məhdud sayda yaxın qohumların toylar keçirilə bilər. Orada da müəyyən məsafələr gözlənilə bilər. Toy mərasimində iştirak edən şəxslərin testdən keçməsi variantı da ola bilər. Virus daşıyıcısı olmayan yaxın şəxslərin iştirakı ilə toy mərasimləri keçirilə bilər. Ümid edirəm ki, biz bu bəlaya yaxın vaxtlarda qalib gələrək toy mərasimlərimizi əvvəlki qaydada keçirə biləcəyik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qeyd edib ki, karantin rejiminə əməl olunması öz nəticələrini verməkdədir:

“Artıq sağalma faizi yoluxmanı dəfələrlə üstələyib. Məhz bununla əlaqədar olaraq dövlətimiz müəyyən yumşalma elementlərini işə salıb. Hesab edirəm ki, yumşalma prosesinin əhatə dairəsinə musiqiçiləri də əlavə etmək lazımdır. Toy şənliklərinin keçirilməsi iddası hesab edirəm ki, indiki vaxtda aktualdır. Azərbaycanda 600 nəfərlik şadlıq evlərinin zalları var. Belə olan vəziyyətdə 600 nəfərlik zalda 200 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi mümkün olan məsələdir. Əsas məsələ odur ki, karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edilsin. Toya gələn insanların tempuratoru ölçülsün, sosial məsafə gözlənilsin, həmin şəxslər özləri ilə dezinfeksiya vasitələri gətirsinlər və bir-biriləri ilə qucaqlaşmağa, öpüşməyə son qoysunlar. Qətiyyən bunlara yol vermək olmaz”.

Onun sözlərinə görə, Azərbaycanda 10 minə qədər musiqiçi var:

“Onların içərisində kirayədə yaşayanlar da var. Belə olan vəziyyətdə onları da düşünmək lazımdır. Hesab edirəm ki, pandemiya dövrü həmin şxəsləri müflis vəziyyətinə salıb. Bu istiqamətdə yumşalmanın vaxtı gəlib çatıb”.

Yeri gəlmişkən,  Hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında Azərbaycanda əksər insanlar toy etmir. Məhərrəm ayı gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır ardınca Səfər ayı gəlir və oktyabrın 17-də bitir.

Belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirusa yoluxanların sayının azalması səbəbindən yaxın vaxtlarda kafe və restoranların açılacağı gözlənilir. Lakin Operativ Qərargah hətta toy keçirilməsinə icazə versə belə, böyük əksəriyyət oktyabrın 17-dək toy keçirməyəcək.

0