“Azəriqaz”dan sayğacların dəyişdirilməsi ilə bağlı AÇIQLAMA

ÖLKƏ
13:09 / 13.08.2020
1009

“Azəriqaz” İstehsal Birliyi qaz sayğaclarının dəyişdirilməsi haqda məlumat yayıb.

İB-dən HİT.Az-a daxil olan açıqlamada deyilir:

“Son vaxtlar sosial şəbəkələrdə müzakirə olunan məsələlər sırasında qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Bəzən də məsələnin mahiyyətini tam dərk etmədən dolaşıq fikirlər yaranır və bu da sosial şəbəkələrdə yanlış istiqamətdə müzakirələrə yol açır. Ən çox smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ətrafında danışılır.

Xatırlatmaq istərdik ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir. Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur.

“Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir. Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.

1