Nazirdən məhkumlarla bağlı ƏMR

11:11 / 14.08.2020
956

“Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat” təsdiqlənib.

HİT.Az-ın məlumatına görə, bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Bu təlimat məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili məsələlərini tənzimləyir.

Məhkumlarla aparılan tərbiyə işi onların ictimai faydalı əməklə məşğul olmasına, əməyə vicdanlı münasibətə və cəmiyyətdə qəbul olunmuş davranış normalarına riayət edilməsinə hədəflənib.

Həmçinin, dustaqların təhsil və mədəniyyət səviyyəsinin artırılmasının formalaşdırılmasına və möhkəmləndirilməsinə yönəldilir.

Təlimata əsasən, penitensiar müəssisələrdə psixoloji yardım işi xüsusi ayrılmış otaqlarda həyata keçirilir.

Otaqlar kompüter, psixoloji test bankı, xüsusi psixoloji ədəbiyyat, sənədləşdirmənin aparılması üçün dəftərxana ləvazimatları, dəmir dolab və ya seyflərlə təchiz olunur. Psixoloqların xidməti otağı möhürlənir.

Məhkumlarla tərbiyə işinin təşkilində və aparılmasında kömək etmək üçün daim fəaliyyətdə olan məşvərətçi orqan da nəzərdə tutulub. Həmin məşvərətçi orqan Dəstə tərbiyəçilər şurası adlanır.

Dəstə tərbiyəçilər şurası yeddi nəfərdən az olmamaq şərtilə bir il müddətinə yaradılır. Onun tərkibinə tərbiyə işinin təşkili qurumlarının böyük inspektorları və inspektorları cəzaçəkmə müəssisəsinin bütün xidmət sahələrinin əməkdaşları, ümumtəhsil və peşə məktəblərinin müəllim və ustaları, tərbiyə müəssisəsində valideynlər komitəsinin sədri daxil edilir.

Fikrət Məmmədovun imzaladığı müvafiq qərar iyulun 30-dan qüvvəyə minib.

1