“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə\"dir\" - Keçmiş səfir

11:00 / 14.08.2020
1177

Xarici İşlər Nazirliyindəki (XİN) həbslərdən 40 gün keçir. Ötən müddət ərzində üzə çıxanlar Azərbaycanın xarici siyasətini müəyyən edən qurumda rüşvət və korrupsiya bataqlığının gerçək olduğunu təsdiqləyir. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) iyulun 3-ü və 10-da XİN-də keçirdiyi əməliyyatlar zamanı tutulan məmurların ifadələri, onların qeyd dəftərçələri deməyə əsas verir ki, XİN-in “kolxoz bazarı” səviyyəsinə endirilməsi uzun bir prosesin nəticəsi olub.

Keçmiş xarici işlər naziri, 10 il Latviya və Estoniyada ölkəmizin səfiri olmuş Tofiq Zülfüqarov hələ 2016-cı ilin yanvarında XİN-də böhran yetişdiyini söyləmişdi.

Tofiq Zülfüqarov XİN-dəki son hadisələri, həbsləri “Yeni Müsavat”a şərh edərkən Elmar Məmmədyarovun quruma rəhbərlik dövrü indi də “qara səhifə” adlandırıb. Bu səhifənin qapanmasına sevindiyini gizlətməyib.

“Bizim XİN-dəki problemlər adi gözlə də görünürdü. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq  addımlar atılır. XİN-də nöqsanlar çoxdur və bunu orada işləyən insanlar yaxşı bilirlər. Hesab edirəm ki, bəzi məsələlərə çox ciddi şəkildə aydınlıq gətirilməlidir”,- deyə o bildirib.  

- Siz XİN-dəki həbslərə münasibət bildirərkən demişdiz ki, bu təkcə korrupsiya məsələsi deyil, milli maraqlar məsələsidir. Söhbət nədən gedir?

- Prezident də XİN-lə bağlı danışarkən dedi ki, müxtəlif hallar var, hətta xaricdə olan qüvvələrə xidmət məsələsi də var. Bəzi vacib olan bəyanatlar verilməyib, bəziləri isə kimlərinsə xoşuna gəlmək üçün verilib. Hazırda XİN-lə bağlı proses gedir,   yoxlamalar var.

- Elmar Məmmədyarov ötən müddət ərzində özünü heç nə baş verməmiş kimi aparıb,  “mən ilin çox hissəsini səfərlərdə olmuşam” deməklə bütün yükü müavinlərinin üzərinə atıb. Vəziyyət həqiqətən də Elmar Məmmədyarovun dediyi kimidir?

- Təbii ki, belə deyil. Büdcədə nəzərdə tutulan pullar  bu və digər ehtiyaclara xərclənir. Təbii ki, bütün pullar nazirin imzası ilə xərclənir. Maliyyə məsələlərində söz sahibi, sonuncu imza atan şəxs odur. Maliyyə hesabatları hər bir təşkilatda aparılır. Nə olsun ki, xarici səfərlərdə olub? Bu bir az gülməli bəhanə kimi gəlir.

- Elmar Məmmədyarovun fəaliyyətini necə qiymətləndirərdiniz?

- Onun rəhbərlik etdiyi dövr XİN tarixində “qara səhifə”dir”. Maliyyə-büdcə yeyintiləri, rüşvətxorluq, hətta prezidentin qeyd etdiyi kimi, digər qüvvələrə işləmək və Azərbaycanın maraqlarının lazımi səviyyədə təmin olunmaması, ölkəmizin maraqlarına zidd olan əməllərin törədilməsinin şahidi olmuşuq. Qarabağ danışıqlarından sonra yalançı ümidlər verilir, hər dəfə fərqli fikirlər söylənilirdi. Əslində isə danışıqlar imitasiyadan başqa bir şey deyildi. Doğrusu, həbslərdən sonra xeyli vaxt keçib və bunun davamı yoxdur. Xoşagəlməz vəziyyət odur ki, bütün baş verənləri müavinlərə “yükləmək” cəhdini görürük. Hamı bilir ki, orada kadr təyinatı məsələsində böyük yanlışlar, rüşvətxorluq vardı.

- Yeri gəlmişkən, Elmar Məmmədyarovun nazirliyinin son dövründə, DTX-nin məlum əməliyyatlarından 1 ay əvvəl eks deputatlardan birinin 1 milyon dollar qarşılığında səfir göndərilməsi iddiaları da vardı. Sonradan həmin təyinat da baş tutdu. Sizcəb belə təyinatlarla ölkəmizin milli maraqlarını təmin etmək mümkündürmü?

- Konkret bu haqda bilgim yoxdur, amma müxtəlif iddialar mövcud idi. Digər hallarla bağlı da iddialar vardı və əməliyyatlar zamanı biz bunu gördük. Bunlar Azərbaycanın milli maraqlarına ziddir. İndiki mərhələdə bu işlərdə adları keçən hər kəs qanunla nəzərdə tutulmuş qaydada istintaq cəlb olunmalıdırlar. Amma XİN-lə bağlı məsələlərin bir qədər çox ictimailəşdirilməsinin tərəfdarı da deyiləm. Burada dövlətin də maraqları mövcuddur. Bu təşkilata aid bəzi məsələlər məxfi qalmalıdır. Bu mənə də xoş deyil, amma milli maraqlar baxımından məxfi olması yaxşıdır.

- Elə bu gizli saxlanılma, məxfilik XİN-də və digər dövlət qurumlarında rüşvət və korrupsiya bataqlığı yaratmır ki?

- Razıyam, haqlısız. Amma biz müharibə şəraitindəyik və bəzi məqamlarda bu məlumatlardan qarşı tərəf istifadə edəcək. Bunu biz başa düşməliyik. Bu işlərdə əli olan hər kəs qanun qarşısında cavab verməlidir, bu, birmənalıdır. Amma məsələnin çox da, ictimailəşməsinin tərəfdarı deyiləm. XİN-lə bağlı məhkəmələrin bəzi hallarda qapalı keçirilməsinin tərəfdarıyam.

- Elmar Məmmədyarovun müavinlərindən Ramiz Həsənov və Nadir Hüseynovun istintaqa çağırılaraq saatlarla dindirilməsi haqda məlumatlar var. Sizcə, proses Elmar Məmmədyarovun həbsi ilə nəticələnəcəkmi?

- Cinayət törədən insanlar adətən çalışırlar ki, digər insanları da ləkələsinlər. Təbii ki, istintaq hər bir məsələni araşdırıb nəticəyə gələcək. 

- Ramiz Həsənov haqda da fikirləriniz maraqlı olardı.

- Onunla işləməmişəm. Barəsində nəsə deyə bilmərəm. Adətən günahı olan insanlar çalışırlar ki, günahlarını başqa insanların üzərinə atsınlar.

- Elmar Məmmədyarovun məsuliyyət məsələsi həll edilməlidirmi?

- Qanun çərçivəsində aparılan araşdırmalarla günahkar sayılsa, cinayətləri sübuta yetirilsə, təbii ki, hər bir vətəndaş kimi qanun qarşısında cavab verməlidir.

0