Uşaqpulu məsələsi payızda həll ediləcək - AÇIQLAMA

ÖLKƏ
11:00 / 15.08.2020
1137

Uşaqpulu məsələsi Milli Məclisin əvvəlki iclaslarında da bir neçə dəfə səsləndirilmişdi. Bu da normaldır, çünki seçicilərlə görüşlərimizdə vətəndaşların ən çox istədiyi məsələ uşaqpulunun bərpa edilməsidir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib. Millət vəkili hesab edir ki, bu, indiyə qədərki sosial yardım paketlərinin bir hissəsini sıradan çıxaracaq:

“Çünki kasıb ailələrin əksəriyyəti çoxuşaqlıdır. Əgər bu ailələr müəyyən miqdarda uşaqpulu alacaqlarsa, artıq ailəyə daxil olan sabit gəlirləri olacaq və onların sosial yardıma ehtiyacı qalmayacaq. Digər tərəfdən, bir çox sosial paketlərin tətbiqi zamanı bəzi bölgələrdə bu sahədə müşahidə etdiyimiz əliəyrilik, tamahkarlıq, rüşvətxorluq, vəzifədən sui-istifadə kimi neqativ hallar aradan qaldırılacaq”.

Millət vəkili qeyd edib ki, payız sessiyasında Milli Məclisin bu məsələyə yenidən qayıdacağına və məsələnin vətəndaşların xeyrinə həll olunacağına inanır:

“Bu, dövlətimizin və dövlət başçımızın sosial sahədəki uğurlu siyasətinin məntiqinə tamamilə uyğundur”.

0
Axar.az