Azərbaycanda həbs olunan məmurların topladığı var-dövlət hər kəsi heyrətə gətirəcək qədər çoxdur. Ötən ildən başlayaraq həbs olunan icra başçılarının gizli kamera ilə çəkilmiş “fəaliyyətlərindən” aydın olur ki, onlar bir həftə ərzində 200-300 min manat arası qanunsuz var-dövlət əldə edə bilirlər. Təsadüfi deyil ki, hətta hazırda vəzifədə olan icra başçılarının da xaricdə milyonlarla dollarlıq əmlak və biznesi üzə çıxır.
Həbs olunan məmurların xalq və dövlətdən soyub taladıqları sərvətin bir qismi müsadirə olunaraq dövlətə qaytarılır. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evindən çıxan 5 milyon dollardan yuxarı vəsait göstərir ki, orta ranqlı bir məmurdan dövlət nəfinə on milyonlarla manat vəsaiti geri almaq mümkündür. Bəs bu vəsaitlər, müsadirə olunan əmlaklar dövlət nəfinə necə alınır?
HİT.Az xəbər verir ki, “Yeni Müsavat” qəzeti bununla bağlı Maliyyə Nazirliyinə sorğu göndərib.
Nazirlikdən sorğuya verilən cavabda çox maraqlı məlumatlar açıqlanır. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən cavaba görə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
Nazirlikdən sorğuya verilən cavabda çox maraqlı məlumatlar açıqlanır. Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən cavaba görə, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndinə əsasən. məhkəmə qərarı ilə müsadirə edilmiş əmlakların satışından əldə edilən vəsaitlər onların saxlanılması, satışı, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür.
Bu vəsaitlərin büdcəyə köçürülməsi hansı mexanizm əsasında baş verir və büdcənin hansı maddəsində əks olunur?
Bununla bağlı qeyd olunur ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin əmlaklarının müsadirə edilməsi məhkəmə qərarı əsasında həyata keçirilir. Həmin əmlakların müsadirəsi ilə bağlı məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin, Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq Qaydaların tələblərinə uyğun həyata keçirilir.
Belə ki, həmin normativ hüquqi aktlara əsasən, müsadirə edilmiş əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə 5 iş günü müddətində qərarın surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanına məlumat verir.
Bundan sonra dövlət mülkiyyətinə keçən, lakin dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan əmlaklar, habelə tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, dövlət əhəmiyyətli orden və medallar, dərman vasitələri, dini ibadət (ayin) əmlakları əvəzsiz olaraq aidiyyəti təşkilatlara (orqanlara) verilir. Milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Mərkəzi Bankındakı hesabına mədaxil olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmayan digər əmlaklar “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirilir və onların satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar (Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi) vasitəsilə həyata keçirilir. Yuxarıda da qeyd olunduğu kimi, həmin əmlakların satışından əldə edilən vəsaitlər müvafiq qaydada dövlət büdcəsinə köçürülür:
“Bununla yanaşı nəzərinizə çatdırırıq ki, müsadirə olunmuş əmlakların satışından daxil olan vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.1.8.1-ci “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar” yarımmaddəsində əks olunur”.
Maraqlıdır, son 5 ildə bu mənbədən dövlət büdcəsinə nə qədər vəsait daxil olub? Nazirlikdən verilən məlumata görə, bu mənbədən dövlət büdcəsinə
- 2015-ci ildə - 6 milyon 777 min manat
- 2016-cı ildə - 2 milyon 785 min manat
- 2017-ci ildə - 605 min manat
- 2018-ci ildə - 9 milyon 144 min manat
- 2019-ci ildə - 14 milyon 720 min manat daxil olub.
Qeyd edək ki, bu rəqəmlər ötən il həbs olunan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovdan müsadirə olunan pul və əmlakı əhatə etmir. Bu il həbs olun 3 icra başçısını da nəzərə alsaq, yəqin ki, 2020-ci il üzrə dövlət büdcəsinə bu maddə üzrə daxilolmalar daha böyük həcmləri əhatə edəcək.
Yeri gəlmişkən, son 5 ilə dair rəqəmlər böyük ehtimalla “MTN işi”, “Rabitə İşi” və “Beynəlxalq Bank işi” üzrə müsadirə olunmuş əmlak və vəsaitləri əks etdirir.