Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, suya qənaət edilməsi, tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən, suvarmada təkrar istifadə olunması və bu sahəyə özəl sektorun cəlb edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.
HİT.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu nazirliyin şöbə müdiri Rasim Səttar-zadə bildirib.
O qeyd edib ki, yerli və xarici şirkət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə sudan təkrar istifadə istiqamətində praktiki işlərin sürətləndirilməsi və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmlərin yaradılması barədə müzakirələr aparılıb:
“Bu sahədə ixtisaslaşmış şirkətlərlə tullantı sularının təmizlənməsi və texniki məqsədlərlə istifadə olunması imkanlarına baxılması, su istifadəçiləri ilə su istehsalçıları arasında inteqrasiyanın yaradılması məqsədilə operativ tədbirlərin görülməsi qərara alınıb”.