Koronavirus pandemiyasına görə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb, tədris yalnız onlayn şəkildə aparılıb.
HİT.Az cebhe.info-a istinadla xəbər verir ki, bu səbəbdən ölkəmizdə yeni tədris ilinin başlanması məsələsi də hazırda "donmuş" olaraq qalır.
Dərslərin başlanması ilə bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən müxtəlif təkliflər daxil olub. Azərbaycanın orta məktəblərində I, V, IX siniflərin həftədə üç dəfə, ara siniflərin həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlaması təklif edilir. Həmçinin təkliflərdə qeyd olunur ki, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilə bilər (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq virus daşıyıcısı olma ehtimalları nəzərə alınır).
Eyni zamanda baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlərin onlayn-məsafədən tədris edilməsi təklifdə qeyd edilib(qarışıq tədris modeli).
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində dərslərin açılmamasından öz narahatlığını bildirib:
“Məktəblərin bağlı olması hər birimizi narahat edir. Bir valideyn olaraq bu məsələ məni də narahat edir. Uşaqlar evdə qalma şəraitində kompüter oyunlarına maraqları daha da artır. Ən yaxşı halda televizorda cizgi filmlərinə baxırlar, əks halda kompüter oyunlarına aludəlik artmağa başlayır. Öz sinif yoldaşlarını görə bilmirlər”.
H.Hacıyevin sözlərinə görə, burada uşaqlara təsir edən psixoloji məqamlar da var.
Maraqlıdır, dərslərin yenidən onlayn formada keçirilməsi uşaqların psixologiyasına necə təsir göstərəcək?
Bu barədə Cebhe.info-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib ki, uşaqların onlayn sistemə adaptasiyası çətin olmayacaq. Narahatlıq törədən məqam internet səbəbilə dərslərə qoşula bilməyən uşaqların psixoloji durumudur:
"Onlayn sistem mütləq olmalı idi və belə distant təhsil Azərbaycana mütləq gəlməli idi. Sadəcə indi tələblərə uyğun olaraq pandemiya dövrünə düşdü. Bəlkə də, bu daha yaxşıdır. Bilirik ki, həmişə ilklər, yeni sistem narahatlığa səbəb olur, həmişə ilk başlarda səhvlər olur və səhvlərin düzəldilməsi də insanların qəbul edib-etməməsinə təsir edir. Düşünürəm ki, onlayn sistemlə tədrisin davam etdirilməsi oturuşmuş şəkil alacaq və uşaqlar buna artıq adaptasiya olacaq. Çünki uşaqların psixologiyası belədir ki, daha tez mənimsəyirlər, onların bu yöndə daha düzgün qavramaları var. Bu barədə narahtlıq yoxdur.
Narahatlığım internetin sürətidir. Çünki Azərbaycan yalnız Bakıdan ibarət deyil. Dağ, dağətəyi rayonlarımız da var ki, o rayonlarda internetin necə tutması məsələsi önəm daşıyır. İnternetin necə tutmasından əlavə, onun paketlərinin nə qədər sərfəli olması məsələsi də var. Çünki qeyd edilənlər insanların maddi durumunu çətinləşdirəcəkmi? Bu məni narahat edir. Sizə deyim ki, 5 AZN ödəməklə 5 GB internet bir dərsə güclə çatır. Belə olan halda maddi durumu olmayan və dağ yerində yaşayan uşaqların psixologiyası kənara atılmış olacaq. Adaptasiyadan narahat deyiləm. Azərbaycanda internet provayderlərin nə qədər ədalətli olacağından narahatam".
Psixoloq qeyd edib ki, uşaqların evdə qalması onlarda assosiallıq kimi əlamətlər yaratmayacaq:
"Uşaqların telefona alışqanlıqları onsuz da əsrin problemidir. Buna valideyn nəzarəti olsa, yaxşı olardı. Bunun uşaqların bir yerdə zaman keçirməsi ilə də əlaqəsi yoxdur. Çünki 3-4 uşaq da bir yerdə oturanda telefonla oyunlar oynayır. Uşaqların bir-birindən ayrı qalması düşünmürəm ki, onlarda assosiallıq yaratsın. Uşaqlar onsuz bir-birilə oynamaq istəyəndə onlayn sistemdə də oynayırlar. Bu fikri də altını cızaraq bildirirəm ki, hər hansı bir şeyi valideyn necə qəbul edirsə, uşaq da elə qəbul edir. Əgər onlayn sistemi valideyn narahatlıqla qəbul etsə, uşaq da elə qəbul edəcək.
Bizim valideynlərimizdə uşaqları sərbəst buraxmaq da yoxdur. Onlayn dərslərdə sərbəst buraxsalar, uşaqlar dərsdə daha sərbəst olarlar. Çünki kompüter və telefon arxasında valideynlər uşaqlara nəyisə diqtə edirlər, bu da uşaqlarda asılılıq yaradır".