COVID-19 virusuna yoluxaraq xəstəliyi çox ağır vəziyyətdə keçirən həkim, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev bu gün sağalaraq xəstəxanadan evə buraxılıb.
"Qafqazinfo"nun əməkdaşları C.Paşayevin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında olaraq ondan və onun müalicəsinə rəhbərlik edən həkimdən müsahibə alıb.
C.Paşayev bildirib ki, COVID-19 virusu Azərbaycanda yayılmağa başlayandan bəri o da həkim kimi mübarizəyə qoşulub: "İyunun sonunda mən də koronavirusa yoluxdum. İlk günlər vəziyyətim stabil idi. Sonra vəziyyətim ağırlaşdı, bura gətirildim. İlk gündən mənə dövlət rəhbərliyi - Prezidentimiz və Mehriban xanım Əliyeva tərəfindən ciddi nəzarət olundu. Anar müəllim (Anar Ələkbərov - red) hər gün mənim səhhətimlə maraqlanırdı. Hər bir şeylə təmin olunmuşdum. Buna görə hər kəsə minnətdaram. Bu xəstəlik ciddi xəstəlikdir, bu xəstəliklə zarafat etmək olmaz. Bu xəstəlik var və nümunəsi də mənəm".
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və anesteziya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, Cavid Paşayev ilk günlərdə tənəffüs aparatına qoşulduqdan sonra tənəffüsü təminedici olmadığına görə ECMO cihazına qoşulub: "12 gün müddətinə ECMO cihazı vasitəsilə müalicəsi davam etdirildi. Müsbət nəticələr alınandan sonra ECMO cihazından ayrılaraq süni tənəffüs aparatına qoşulub. Hazırda ümumi vəziyyəti nisbi kafidir, huşu aydındır, xəstəmiz aktivləşdirilib və ambulator müalicəyə buraxılır.
Dövlətimizin və Gömrük Komitəsinin dəstəyi ilə yaradılan şərait, tibbi avadanlıqlarla təmin olunma, tibb preparatların, dərmanların çatdırılması nəticəsində biz COVİD-19 virusu ilə mübarizədə yüksək nəticələr əldə edirik. Cavid Paşayev də buna bir nümunədir".
Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi