Vətəndaş Məhəmməd Ağayev bir yaşlı körpənin koronavirus testindən keçmədiyi halda, onlara SMS vasitəsi ilə cavab göndərildiyini deyir.
Məhəmməd Ağayev bu barədə öz Facebook səhifəsində paylaşım edib. Onun sözlərinə görə, bir müddət öncə its.gov.az portalından mesaj gəlib. Mesajda Məryəm Ağayevanın 14.08.2020 ci il tarixində COVID -19 testi verdiyi və analizin nəticəsinin neqativ çıxdığı yazılıb.
Vətəndaş bildirir ki, adıçəkilən Məryəm Ağayevanın 1 yaşı var və o heç vaxt koronavirusla bağlı test etdirməyib. Belə olan halda onlara bu mesajın göndərilməsi Məhəmməd Ağayevi və onun ailəsini ciddi narahat edib: “Əgər koronavirus testinin nəticəsi müsbət çıxsa idi, o zaman bir ailənin vəziyyəti necə olacaqdı?” – deyə vətəndaş bu mesajı yanlışlıqla göndərənlərə sual ünvanlayır.
Məhəmməd Ağayev deyir ki, mövcud məsələ ilə bağlı 1542 Çağrı Mərkəzinə müraciət edib. Çağrı Mərkəzindən bildiriblər ki, onlar bu barədə məlumatsızdırlar və heç nə bilmirlər. 8113 Çağrı Mərkəzindən isə vətəndaşa bildirilib ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur.
İndi vətəndaş şikayətini bildirmək üçün, belə bir problemi yaradan qurumun ünvanını axtarır və aidiyyatı strukturlardan yardım istəyir.
Xatırladaq ki, COVID-19 testi ilə bağlı bundan öncə də oxşar yanlışlıqlara yol verilib.