“Rusiyanın göndərdiyi 400 ton silah-sursat döyüşə yararsızdır”.
Bunu “MediaPost”a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.
O bildirib ki, bu gün Rusiyanın Ermənistana silah-sursatla yardım etməsi, 400 tonluq texnika göndərməsi həmin hərbi təchizatın istifadəyə yararsızlığından xəbər verir:
“Mən heç vaxt düşməni qiymətsiz hesab eləmirəm. Əksinə, düşməni özündən güclü bilmək lazımdır. Rusiyanın 400 ton silah-sursatı İrəvana çatdırması məsələsinə diqqət çəkmək istəyirəm. Məncə, bu məsələni çox şişirdirlər. Rusiya öz vassalını daim silahlandırmalıdır. Lakin düşünürəm ki, bu silahlar yararsızdır, 400 ton silah-sursatdan gələcəkdə Ermənistanda metaləritmədə istifadə oluna bilər”.
Hərbi ekspertin sözlərinə görə, Rusiya silahlarında ciddi boşluqlar var və bunu Suriyadakı əməliyyatlarda Türkiyə əsgərləri aşkar edə bilib:
“Rusiyanın silahlanma təchizatını ən yüksək səviyyə hesab etmək düzgün deyil. Çünki yadınızdadırsa, Suriyada olan S-300 raketlərini Türkiyə qüvvələri kor eləmişdi. Faktiki olaraq, bununla da uçan obyektlər görünmədi. Rusiya silahlarında olan boşluqlar tapıldı. Dünyada belə bir təcrübə var ki, yeni texnika yaradılanda onu məhv etmək üçün başqa bir yeni vasitə yaranır. Bu gün dəqiqliklə deyə bilmərik ki, avtobaza bütün dronları məhv etmək gücündədir”.
“Bu gün əsgər silahı əlində dayanıb”
A. Əbilovun fikrincə, Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası üçün mütləq olacaq müharibəyə uzun illərdir ki, hazırdır:
“Mən ölkəmizin bölgələrində tez-tez oluram, mütləq bu müharibə başlayacaq. Müharibədə ilk aspekt döyüşə verilən əmrdir. Sözsüz ki, biz bu əmrə ciddi hazırlaşmışıq. Son hadisələr göstərdi ki, xalq da bu müharibəyə hazırdır, bunun özü də ayrıca aspektdir. Bizim hazırda döyüş bölgələrində olan texnikalarımız, hərbi hissələrimiz tam şəkildə döyüş əməliyyatına hazırdır. Yaxın günlərdə Gədəbəy və Beyləqan zonalarında yerləşən hərbi hissələrə gedən məhdud sayda insanlardanam. Karantin rejimi səbəbilə, belə səfərlərə çox icazə verilmir. Gördüklərimə görə deyirəm ki, mən əsgərin ayaqda olduğuna bir daha əmin oldum. Bu gün əsgər silahı əlində ayaqda dayanıb”.