Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 17 yaşlı Səidə Yaşarlı xarici ölkələrdən birində yaşayan dostu ilə telefonla danışır: Salam, necəsən? ...Biz komanda olaraq səninlə daha yaxşı anlaşırdıq. Azərbaycanın mədəniyyətinə, tarixinə dair təşkil etdiyimiz gecələrdə sən hər zaman dəstək olmusan... Bilirsən, Azərbaycanın əraziləri ermənilər tərəfindən işğal olunub. Düşmən ötən ay da təxribat törətdi, şəhidlərimiz oldu. Onların arasında mənim yaşadığım qəsəbənin sakinləri də var. Mən bu barədə sənə daha geniş və ətraflı məlumatlar göndərəcəyəm... Sağ ol...
Ötən il orta məktəbi bitirdikdən sonra ali təhsil üçün imtahan verərək 663 bal toplayan Səidə tələbəlik həyatından əvvəl qatıldığı beynəlxalq proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarına yola düşüb. İndiana ştatında 12-ci sinfi oxumaqla yanaşı, tibb bacısı ixtisası üzrə də təhsil alıb. Bununla bərabər, yaşadığı ştatın klinikalarında könüllü kimi xidmət də göstərib. Lakin bu gənc qız öz işini bununla bitmiş hesab etmir. Vaxtaşırı keçirilən görüşlərdə, tədbirlərdə, xidmət etdiyi könüllü proqramlarında Azərbaycan həqiqətlərini də dilə gətirib, beynəlxalq aləmə çatdırıb.
Səidə Yaşarlı: “Təqdimatlarda, tədbirlərdə ölkəmizin tarixindən, mədəniyyətindən danışır, torpaqlarımızın işğal altında olduğunu vurğulayırdım. Onların musiqiləri, yeməkləri – bunlar mənə çox maraqlı gəlirdi”.
Təhsil proqramı yekunlaşdıqdan sonra ABŞ-da təhsil alan azərbaycanlı tələbələrlə birgə ötən ay ölkəmizə qayıdan Səidə ali təhsil almaq üçün bu il ölkəmizdə yenidən imtahanlarda iştirak edib. O, artıq birinci mərhələdə kifayət qədər bal toplayıb. İmtahanların ikinci mərhələsində də lazımi balı toplayaraq, Tibb Universitetində müalicə ixtisasına yiyələnməyi və insanların sağlamlığının keşiyində durmağı qarşısına məqsəd qoyub.
O, boş vaxtlarında bacı və qardaşına dərslərində kömək edir, ABŞ xatirələrindən danışır. Eyni zamanda, xarici ölkələrdə yaşayan dostları ilə əlaqə yaradaraq, Azərbaycan həqiqətlərini onların diqqətinə çatdırır.
Səidə qarşıdakı illərdə təhsilini xaricdə davam etdirməklə Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı düşünür.
Qeyd edək ki, ixtisasca ingilis dili müəllimi olan Səidə Yaşarlının anası Mədinə Qasımova da bir neçə il əvvəl Təhsil Nazirliyinin xətti ilə ABŞ-da mübadilə proqramında iştirak edib.