Lənkəranda, dəniz sahilində yerləşən “Xəzər Palace” beşulduzlu hotelin icraçı direktoru Kazım Kazımov Lənkəranın turizm potensialı və ondan istifadə imkanları ilə bağlı “MediaPost”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Azərbaycanın əksər bölgələrində turizmin inkişafı üçün bir sıra işlər görülür. Lənkəran rayonunun turizm baxımından əlverişli hesab olunmasına səbəb nədir?
- Lənkəran rayonu ərazisində turizmin bütün növləri üçün hər cür şərait var. Bir tərəfində Xəzər dənizi, digər tərəfində Talış dağları, meşələri və yaşıl çay plantasiyaları ilə əhatələnən bu yerlərdə həm dənizkənarı çimərliklərdə, həm də dağətəyi ərazilərdə istirahət imkanları var. Burada olan çox sayda tarixi-mədəni abidələr, qala və məbədlər bölgəni turizm baxımından daha cəlbedici edir. Bu tarixi obyektlər arasında eramızdan əvvələ aid tikililər də var ki, bu da Lənkəranın qədim tarixə və mədəniyyətə sahib olduğundan xəbər verir.
Buradakı Qızılağac qoruğu və Hirkan Milli Parkında müxtəlif növdən olan heyvan və quşlara tamaşa etmək üçündür. Kurort-sanatoriya şəbəkəsini genişləndirmək üçün rekreasiya amilləri (nadir dağ-meşə landşaftı, dəniz iqlimi, müalicə əhəmiyyətli bulaqlar) ilə zəngindir.
- Lənkəranın turizm zonası kimi tanınması hansı tarixdən başlayıb?
- Lənkəran hələ SSRİ dönəmində böyük turizm potensialı ilə seçilirdi. Təsadüfi deyil ki, buranı həmin dövrdə Azərbaycanın "cənub mirvari"si də adlandırırdılar. Sovetlər dövründə bura həm gəzinti, həm də müalicə məqsədilə gələnlər kifayət qədər idi. Hazırda buraya gələn xarici qonaqların əksər hissəsinin MDB ölkələrindən olması bölgənin daha əvvəldən turizm məkanı kimi tanınmasından xəbər verir.
Lakin Azərbaycanın yeni müstəqillik qazandığı dövrdə çətin iqtisadi vəziyyət Lənkəranın turizm potensialından istifadəni geri plana atdı. Hazırda buranı turizmin mərkəzinə çevirmək üçün dövlət tərəfindən də xüsusi diqqət ayrılır və bölgəyə yatırılan investisiyaların həcmi çoxalır. Eləcə də, ölkənin bir sıra turizm mərkəzlərindən fərqli olaraq, burada daha tez - 2003-cü ildən dördulduzlu hotelin fəaliyyətə başlaması bu zonada peşəkar turizm kadrlarının nisbətən daha tez formalaşmasına və daha çox olmasına səbəb olub.
Son illərdə Lənkərana səyahət edən turistlər arasında Avropa ölkələrindən olan turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Lənkəranın turizm obyektlərini istirahət məkanı seçənlər arasında yerli turistlər də çoxdur. Onların əksəriyyəti paytaxt Bakıdan olan və ailəvi istirahətə üstünlük verənlərdir. Həm yerli, həm xarici turistlərin maraq göstərdiyi Lənkəranın yenidən turizm zonasına çevrildiyini demək olar.
- Bəs hazırda Lənkəranda daxili və xarici turizm üçün infrastruktur nə dərəcədə əlverişlidir?
- Məlumdur ki, pandemiya qlobal səviyyədə ilk olaraq, turizmə mənfi təsir göstərdi. Lakin bir çox ölkələr sərhədlərin bağlandığı və xarici turizmin yox səviyyəsinə endiyi vaxtda daxili turizmə diqqəti artırır. Məhz Azərbaycanda da Lənkəran daxili turizm üçün ideal məkanlardandır. Yoluxma səviyyəsinin aşağı olması ilə artıq bir neçə həftədir ki, şəhərdə karantin rejimi ləğv olunub. İstirahət üçün ən çox seçim dənizkənarı istirahət mərkəzləri və hotellərdir. Böyük tələbat isə bölgədə tikilən hotellərin və istirahət mərkəzlərinin dövrün tələblərinə cavab verdiyini deməyə əsas verir. Onu da qeyd edim ki, dəniz kənarında olan qara qum Xəzər dənizinin digər yerlərində olan sarı qumdan daha keyfiyyətlidir.
Şəhərin turizm mərkəzinə çevrilməsi üçün infrastruktur yaxşılaşdırılır, qoyulan investisiyaların həcmi çoxalır. Hazırda Xəzər dənizinə yaxın ərazidə yeni turizm istirahət komplekslərinin tikilməsi nəzərdə tutulub. Son dönəmdə də burada yeni istirahət mərkəzləri və yüksək keyfiyyət standartlarına uyğun hotellər tikilməkdə davam edir. Bu zonanın zəngin və dadlı mətbəxi isə istər yerli, istərsə də xarici turistlər tərəfindən sevilir.
Milli-mənəvi dəyərlərimiz arasında qonaqla, qonaqpərvərliklə bağlı ənənələr Lənkəran əhalisinə də xas olan xüsusiyyətdir. İnsanların qonaqpərvərlik hissi isə biznesə yansıdıqda turizmdə daha gözəl nəticələr əldə olunur.
Həmçinin, cənab Prezidentin tapşırığı ilə dəniz kənarında yerləşən dəmiryol xəttinin köçürülməsinin layihələndirilməsi işləri davam etdirilir, bu da rayonda dəniz turizminin inkişafı üçün yeni imkanlar yaradacaq.
İstənilən regionda yerləşən şəhərləri turistlər üçün əlverişli edən cəhətlərdən biri nəqliyyat infrastrukturunun inkişafıdır. Məsələn, beynəlxalq hava limanlarının inşası turizmin inkişafını sürətləndirməyə imkan yaradan mühüm iqtisadi amillərdəndir ki, 2008-ci ildə Lənkəranda istifadəyə verilən beynəlxalq hava limanı burada daxili və gəlmə turizmin inkişafına geniş imkanlar açıb.
Eləcə də, yeni sosial obyektlərin, istehsal sahələrinin, inzibati və yaşayış binalarının, müasir yolların istifadəyə verilməsi ilə bərabər, turistlər üçün müasir şəhər infrastrukturunun formalaşdırılmasına ehtiyac var. Belə ki, bu regionda üç, dörd və beşulduzlu hotellərin sayı kifayət qədər olsa da, şəhərdə turistlərin rahat gəzintisi üçün parkların salınmasına, geniş istifadə üçün çimərliklərin yaradılmasına, müasir və gözoxşayan şəhər quruluşunun formalaşdırılmasına ehtiyac var. Şəhər infrastrukturunun əlverişli olması, təkmilləşdirilməsi və müasir tələbə uyğunlaşdırılması diqqətdə saxlanılmalıdır.
Onu da qeyd etmək lazımdır ki, artıq Azərbaycan ilə bir sıra ölkələr arasında uçuşlar bərpa olunmaqdadır. Yoluxma sayı azaldıqca səfərlərin bərpa olunacağı şəhərlərin sayı da artmaqda davam edəcək. Bu da bölgəyə səyahət edən xarici turistlərin artmasına səbəb olacaq. Şübhəsiz, nəqliyyat infrastrukturumuz, tarixi abidələrimiz, mətbəximiz, qonaqpərvərliyimiz, müasir standartlara cavab verən istirahət mərkəzlərimiz, iqtisadi nailiyyətlərimiz Lənkəranın turizm zonası kimi tanınmasına birbaşa təsir edəcək.