Bağlanan bankın sədri "AtaSığorta"dan buna görə uzaqlaşdırıldı

ÖLKƏ
14:45 / 19.08.2020
1292

“AtaSığorta” şirkətinin Direktorlar Şurasının sədri Dəyanət Quliyevin vəzifəsindən uzaqlaşdırılmasının əsas səbəbi məlum olub. 

 “MediaPost”un “AtaSığorta” şirkətindən əldə etdiyi məlumata görə, buna səbəb Mərkəzi Bankın qadağası olub. Belə ki, iyul ayının 16-da Mərkəzi Bank tərəfindən sığorta şirkətinə məktub göndərilib. Məktubda bildirilib ki, Dəyanət Quliyevin “AtaSığorta”nın Direktorlar Şurasının sədri seçilməsi ilə “Sığorta fəaliyyəti haqqında” Qanunun 37.2.3-cü maddəsi pozulub. Bu maddəyə əsasən, müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə şirkətin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olan şəxslər sığorta şirkətində rəhbər təyin edilə bilməz.  

Ona görə də, Mərkəzi Bank Dəyanət Quliyevin vəzifəsindən uzaqlaşdırılması üçün “AtaSığorta”ya 60 gün vaxt verib. Bundan sonra avqustun 11-də “AtaSığorta”nın səhmdarlarının  ümumi yığıncağının qərarına əsasən Dəyanət Quliyev sığorta şirkətinin Direktorlar Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə Ağakərim Məlik-Aslanov təyin edilib. 

Qeyd edək ki, D.Quliyev 2020-ci ilin əvvəlinə qədər  bağlanan “Ata Bank” ASC-nin İdarə Heyətinin sədri idi. O, sığorta şirkətinin Direktorlar Şurasına cari ilin martında müstəqil üzv kimi gəlib, iyul ayında isə Şuranın sədri təyin edilmişdi. 

0