Azərbaycanda avtomobil qiymətinə satılan nömrələr - AÇIQLAMA

ÖLKƏ
18:41 / 19.08.2020
1374

Müxtəlif elan saytlarında avttomobillər üçün dövlət qeydiyyat nişanlarının fantastik qiymətə satışına rast gəlmək olar. 

“MediaPost”un araşdırmasına görə, bəzi dövlət nömrə nişanlarının qiymətinə normal bir avtomobil almaq mümkündür.

Bəs qanunvericilik nə deyir?

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.65.6. maddəsinə əsasən dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

- Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası Dövlət rüsumunun məbləği (manatla);

- seriyası müxtəlif hərflərdən ibarət olduqda;

- seriyası eyni hərflərdən ibarət olduqda;

001, 002, 003, 004, 005, 006, 007, 008, 009 - 1500, 2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 - 1000, 1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 - 500, 1000

Yuxarıdakı qeyd edilən cədvəldə göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 35 manat məbləğində dövlət rüsumu ödənilir.

Amma qanunun əksinə olaraq ayrı-ayrı vətəndaşlar dövlət nömrə nişanlarını aşkar şəkildə elan saytlarında yerləşdirir və baha qiymətə satışa çıxarır. Hətta aralarında “AA” seriyası olan nömrələr də mövcuddur.

Hüquqşünas Ərşad Hüseynov “MediaPost”a bildirib ki, burada incə bir məsələ var - avtomobildən kənar nömrə heç nədir: “Onun heç bir əhəmiyyəti yoxdur. Onu nə istifadə eləmək olar, nə almaq olar, nə də satmaq olar. Həmin adamlar - kimlər ki nömrələri reklam edirlər, həmin nömrələri avtomobillə bir yerdə satırlar və yaxud qanunda nəzərdə tutulan əsaslar var, onlardan istifadə edirlər. Nömrəni bir adamın avtomobilindən başqa adamın avtomobilinə keçirmək olar. Satılmaq o mənadadır.

Təsəvvür edin ki, mən deyirəm ki, avtomobilimin üzərindəki nömrəni satıram. Siz də deyirsiniz ki, alıram. Bu prosedir. Necədir? Danışırıq, 20 min manatı verirsən, qoyuram cibimə. Mən üstündə nömrə olan avtomobilimi gətirirəm, ikimiz də gedirik dövlət qeydiyyat imtahan şöbəsinə, orada mən həmin avtomobili guya satıram sizə. Rəsmiləşdirəndə avtomobil də, nömrə də keçir sizin adınıza. Nömrə artıq olur sizin adınızda. Proses belə baş verir".

Hüquqşünas qeyd edir ki, avtomobildən kənar dövlət qeydiyyat nişanının nə alınması, nə satılması, nə istifadəsi mümkündür.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, adından göründüyü kimi, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz: “Bildiyiniz kimi artıq 8 ildir ki, “Rüsum haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə, dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir. Bu da rəqəmlərin, hərflərin kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında dəyişir. O ki qaldı bəzi avtomobil alqı-satqısı ilə məşğul olan saytlarda müxtəlif dövlət qeydiyyat nişanlarının astronomik qiymətlərlə satışının həyata keçirilməsi, bu, sadəcə, diqqəti cəlb etmək üçündür. Oradakı nömrələrə elə qiymtlər qoyurlar ki, həmin nömrə neçə müddətdir ki, qalıb, heç 500 manat rüsum ödəyib alan yoxdur. Amma həmin 500 manatlıq nömrəni onlar 5, 10, 12 min manata satışa çıxarırlar. Biz vaxtilə bu elanlarala bağlı araşdırma da aparmışıq. O nömrələrin əksəriyyətinin sahibinin onun satışından xəbəri də yoxdur. Biz həmin nömrələr təhkim olunmuş nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlamışıq və o, məlumatının olmadığını deyib. Bəziləri isə deyiblər ki, bir neçə il əvvəl maşını satmaq istəmişəm, qiyməti ilə maraqlanıblar, amma indi maşını yox, nömrəsini satışa çıxarıblar”.

Polis polkovniki “bu gün hər kəs başa düşməlidir ki, əgər nömrə mənim avtomobilimə təhkim olunubsa, mən avtomobilimi yalnız bu nömrə ilə sata bilərəm”, deyə əlavə edib. 

“Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə əsasən, nəqliyyat vasitəsi satılanda satanın istəyi və alanın da razılığı ilə dövlət qeydiyyat nişanı satdığı şəxsdə qala bilər, yaxud satan şəxsin digər avtomobilinə keçirilə bilər. Ona görə də o qiymətə nömrəni qoyanlar əslində avtomobili satanlardır. Sadəcə, avtomobillə kimsə maraqlananda və deyəndə ki, sənin satdığın avtomobil 50 minə dəyməz, o saat fikrini dəyişir və deyir ki, elə 20 min bunun nömrəsidir. Bunu kim təyin edir? Satanın özü. Nəqliyyat vasitəsi qeydiyyatdan çıxdıqda isə dövlət qeydiyyat nişanı mütləq Baş Dövlət Yol Polisi İdarəsinə, yaxud regionlarda digər qeydiyyat, imtahan şöbələrinə təhvil verilməlidir. Bəzən də görürsünüz, kimsə deyir ki, mən bu nömrəni vermişəm, nömrə mənimdir, “bron” etmişəm, amma nömrəmi sonradan kiməsə veriblər. Bilmək lazımdır ki, qanunvericilikdə nəqliyyat vasitəsinin təhvil verilmiş dövlət qeydiyyat nişanının saxlanılması və həmin şəxsə məxsus olması ilə bağlı heç bir müddəa yoxdur. Yəni bu gün təhvil verilmiş dövlət qeydiyyat nişanı sabah başqa şəxsin nəqliyyat vasitəsinə təhkim oluna bilər”, - deyə "MediaPost"a bildirib. 

1