O məmurlar Rusiyanın tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar – Fəzail Ağamalı

ÖLKƏ
18:52 / 19.08.2020
1232

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənovun həbsi ilə bağlı konsprirativ nəzəriyyələrin ardı-arası kəsilmir. Rəsmi məlumatlarda keçmiş səfirin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs edildiyi qeyd edilir. 

Lakin ictimai müzakirələrdə Eldar Həsənovun siyasi ambisiyalarının qurbandığı olduğu barədə fikirlər səsləndirlir. Keçmiş səfirin hakimiyyət komandasında formalaşan müxalifətin aparıcı fiqurlarından olduğu, iqtidarın siyası rəqibləri ilə əlaqələri barədə iddialar da mövcuddur. Bu fikirlər davamlı səsləndirildikcə Eldar Həsənovun həbsinin siyasi motiv daşıdığı barədə rəy formalaşır. 

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında bildirib ki, Eldar Həsənovun həbsi ilə bağlı səsləndirilən fikirlərə obyektiv yanaşmaq mümkün deyil. “Fakt budur ki, Eldar Həsənov uzun müddət ayrı-ayrı ölkələrdə Azərbaycanın səfiri kimi fəaliyyət göstərib. Fəaliyyətində, əməllərində hüquq pozuntuları olduğu nəzərə alınaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb edilib. Bu faktı inkar etmək mümkün deyil. 

Onu da nəzərə almaq lazımdır ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev kifayət qədər peşəkar və dövlətçiliyə bağlı insandır. Digər tərəfdən, onun rəhbərlik etdiyi qurumun son vaxtlar keçirdiyi əməliyyatlar konkret faktlara söykənən cinayət əməllərinə qarşı olub. Bu əməliyyat çəkilişlərindən görünür. Bu baxımdan hesab edirəm ki, Eldar Həsənovun siyasi motivlərlə həbs olunması iddiası doğru deyil. Əminəm ki, istintaq obyektiv aparılacaq, Eldar Həsənov da məhkəmə qarşısında cavab verəcək. Gəlin tələsməyək, istintaqın nəticəsini gözləyək”, - deyə AVP sədri vurğulayıb.

Bununla belə, Fəzail Ağamalı hesab edir ki, hakimiyyətin apardığı islahatlara mane olan qüvvələr var. Onlar vaxtilə iqtidar komandasında təmsil olunan şəxslərdir. Deputatın fikrincə, həmin şəxslərin arasında Rusiya və digər ölkələrə bağlı olanlar da var: “Təəssüf ki, uzun illər vəzifədə olan, özlərinə varidat toplayan lakin artıq komandadan uzaqlaşdırılan şəxslər var ki, onlar xüsusilə kadr dəyişikliklərini həzm edə bilmirlər. Onların arasında xüsusi olaraq Rusiyaya bağlı olan şəxslər də mövcuddur. 

Mənsub olduqları mənbənin tapşırıqlarına əməl etmək məcburiyyətində qalıblar. Çünki onları hakimiyyətdə saxlayan Kremlin ayrı-ayrı funksionerləri olub. Həmin funksionerlər arasında isə keçmiş sovet ölkələrinin Moskvanın təsiri altında saxlanılmasına ciddi əhəmiyyət verən və bunu Rusiyanın strateji marağı kimi dəyərləndirənlər də var. 

Azərbaycan hakimiyyətinin həyata keçirdiyi islahatlara mane olan qüvvələr əsasən həmin insanlar tərəfindən idarə olunurlar. Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir. Ölkəmizin zəifləməsinə çalışır. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi onun Moskvanın təsir dairəsinə düşməsi ehtimalını sıfıra endirir”. 

Deputatın sözlərinə görə, Rusiyaya bağlı olan qüvvələr indinin özündə də müqavimət göstərirlər: “Deməzdim ki, həmin şəxslər funksiyalarını başa çatdırıblar. Onlar hələ də müqavimət göstərir. Doğrudur, mən bunu ciddi təhlükə saymıram. Çünki Azərbaycan güclü dövlətdir. Onun hüquq-mühafizə orqanları kifayət qədər güclü və dövlətin maraqlarını müdafiə etmək qabiliyyətindədir. 

Digər tərəfdən, Prezident İlham Əliyev də siyasi cəhətdən kifayət qədər yetkindir, belə deyək, qrossmeysterdir. Onun yürütdüyü siyasət nəticəsində bu cür qüvvələr demək olar ki, zərərsizləşidirlib.  Hesab edirəm ki, islahatların qarşısını heç bir qüvvə ala bilməyəcək”.

2