"SOBSAN"a milyonluq sığorta ödənişi ediləcəkmi?

ÖLKƏ
12:39 / 21.08.2020
781

Azərbaycanda son bir il ərzində iri ticarət mərkəzlərində baş verən yanğınlar daşınmaz əmlakların sığortası məsələsini yenidən gündəmə gətirib. Hər hansı bir kiçik qəza sahibkarlara dəyəri milyonlarla ölçülən ziyana səbəb ola bilər. Ona görə də əvvəllər sadəcə sığorta sənədim olsun deyə fikirləşən sahibkar bu gün sığortanın necə vacib olduğunu anlayır. Buna iyulun 4-də boya istehsal edən “Sobsan” zavodunda baş verən böyük yanğını da misal göstərmək olar. İqtisadçılar şirkətə yanğınla bağlı 20 milyon manata yaxın ziyan dəydiyini açıqlamışdılar. Yanğından sonra məlum oldu ki, “Sobsan” əmlakını “AzSığorta” şirkətində sığortalayıb. Amma bir aydan çox müddət keçməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməyib. 

“AzSığorta” ödənişdən imtina etməyib"

 Məsələ ilə bağlı “Sobsan” şirkətinin baş mühasibi Fuad Cavadov “MediaPost”a bildirib ki, sığorta şirkəti ödənişdən imtina etməyib. Sadəcə hələlik ekspertizanın rəyi dəqiqləşdirilməlidir. Bundan sonra ödəniş məsələsi həll ediləcək. 

“Media dəyən ziyanı şişirdir”

Dəyən zərərin həcminə gəlincə, baş mühasib qeyd edib ki, mediada səslədirilən 20 milyon manatlıq zərər məbləği çox spontandır. Bununla belə, o, dəyən zərərin həcmini açıqlamayıb: “Dəyən ziyanın həcmini dəqiq demək hələlik çox çətindir. Amma 20 milyon manat deyil”. 

Sığorta eksperti İlkin İbrahimov “MediaPost”a bildirib ki, ekspertizanın müddəti ilə bağlı  həm icbari, həm də könüllü sığortalar haqqında qanunda konkret müddəa yoxdur. Qəza yerinə baxış keçirilməsinə isə hadisə barədə məlumat aldıqdan 3 gün müddətinə başlanılmalıdır. 

“Ödənişin yubadılması bütün sənədlərin təqdim edilməməsi ilə bağlı ola bilər”

“Sobsan”la bağlı sığorta ödənişinin yubadılmasına gəlincə,  ekspert güman edir ki, hələlik bütün sənədlər təqdim edilməyib: “Sığorta şirkəti bütün sənədlər təqdim olunduqdan 7 iş günü müddətində qarşı tərəfi məlumatlandırmalıdır. Bütün sənədlər dedikdə istintaq materiallarından tutmuş sənədlərədək işlər nəzərdə tutulur. Bu məsələdə isə hələlik ekspertiza rəy verməyib. Sığorta ödənişinin yubanması da bununla bağlı ola bilər". 

0