Vəzifədən gedənlərin psixoloji travması, sağlığı ilə imtahanı: Kimdir günahkar? - ŞƏRH

ÖLKƏ
16:05 / 21.08.2020
944
Cəmiyyətdə yüksək mövqe tutan, rütbəli şəxslər bir müddət sonra vəzifəsindən azad olunduqda psixoloji çöküş yaşayırlar, hətta bəzilərinin sağlığında ciddi problemlər yaranır. 
 
Bəzən bu şəxlər öz vəzifəsini icra etdiyi dönəmdə yol verdiyi səhvlərlə bağlı mətbuatda tez-tez neqativ xəbərlər yer almağa başlayır. 
 
Bu tendensiya nə ilə əlaqədardır? Nəyə görə vəzifəsindən azad olunan şəxslərin sağlamlığında problemlər yaşanır?
 
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bununla bağlı "MediaPost”a açıqlama verib. O bildirib ki, məsul vəzifədə çalışan şəxslər vəzifəsindən azad olunandan sonra bunların bir qismində həm fizioloji, həm də psixoloji problemlər yaşanır:
 
"Bunun bir çox səbəbləri var. Əsas problem onların yeni həyat tərzinə adaptasiyası ilə bağlı olur. Çünki öncəki həyat nə qədər gərgin, nə qədər məsuliyyətli olsa da, onlar illərlə bu həyat tempində çalışıblar. Artıq vəzifədən azad olunandan sonra əvvəlki həyat tempinin olmaması, eyni zamanda ətrafdakı insanların onlara əvvəlki münasibəti göstərməməsi, bu insanların özlərini lazımsız biri kimi hiss etməsinə səbəb olur. Bu da şübhəsiz ki, onların psixoloji durumuna mənfi təsir göstərir. 
 
Yəni vəzifə, səlahiyyət sahibi olmaq həm də bir vaciblik duyğusudur. Vəzifənin nə qədər böyük məsuliyyəti olsa da, bununla paralel bu insanlar hər zaman ətraf tərəfindən diqqət, qayğı görüblər, belə bir həyat tərzi ilə əhatə olunublar. Vəzifədən azad olunduqdan sonra onlar yeni həyat tərzinə adaptasiya olmaqda çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün vəzifədən azad olunan şəxslərin bir qismi bağ evində yaşamağa üstünlük verir, övladları, nəvələri ilə zaman keçirir, bir qismi isə elmi işlə məşğul olur və ya memuar yazır. Dolayısı ilə bu şəxslər çalışır ki, əvvəlki tempi qoruyub saxlasınlar. Məsələn, səhər tez durub, üzlərini qırxırlar, işə gedərkən hansı saatda oyanırdılarsa, indi də bu qaydaya əməl etməyə çalışırlar. Ancaq bunları hər insan bacara bilmir. Nəticədə bəzi insanlar vəzifədən çıxandan sonra özünə qapanır, psixologiyası və səhhətində müəyyən problemlər yaranır”. 
 
 
Mütəxəssis qeyd edir ki, səlahiyyət sahibi olan şəxslərin əksəriyyətində nevroz müşahidə olunur:
 
"Bu şəxslər vəzifədən çıxdıqdan sonra onlar haqqında deyilən hər bir sözə qarşı həssas olurlar. Telefonlarına cavab verilmədikdə narahat olmağa başlayırlar. Bu tək vəzifə ilə bağlı deyil, həm də xarakter tipidir. Ona görə də, bu tip insanlar vəzifədən çıxdıqdan sonra istəmədən  özlərini cəmiyyətdən təcrid edirlər. Lakin nə qədər uzaqlaşsalar da, bununla paralel daim özlərini vacib şəxs kimi görmək istəyirlər. Bu vaciblik duyğusunu onlar ailə, yaxın ətraf, qohumlar arasında ona qarşı münasibətdə də hiss etmək istəyirlər. 
 
Onlarda ruh düşkünlüyü bir çox faktorlarla bağlıdır. Bunu bütün vəzifə sahiblərinə şamil etmək olmaz. Burada yaş faktoru, xarakter özəllikləri, insanın tutduğu vəzifə və işlədiyi dönəmdə göstərdiyi fəaliyyət, insanların onlara münasibəti önəmli rol oynayır. Qeyd etdiyim faktorlara uyğun psixoloji dəyişikliklər baş verə bilir”.
 
Mövzu ilə bağlı "MediaPost”a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, vəzifədən gedən şəxsin səhhətində problem yaranması yeni hal deyil:
 
"Uzun müddət məsul vəzifədə işləyən adamlar vəzifədən çıxdıqdan sonra xəstələnirlər. Burada müxtəlif məsələlər var. Birincisi, insan psixologiyasıdır. Vəzifədə olarkən ətrafdakı insanlar onlara qarşı daha diqqətli olur. Lakin çıxdıqdan sonra bir çox adam onlardan üz döndərir, çöldə gördükdə yolunu dəyişir, əleyhinə mətbuatda yazılar gedir. Həmin şəxslər birdən-birə o vəzifədən aşağı düşdükdə, nə edəcəyini bilmir. Cəmiyyət bu insanlara bir az normal reaksiya göstərsə, bu prosesi keçmək onlar üçün də çətin olmaz. Neqativ yazıları gördükdə isə daha çox depressiyaya düşməyə başlayırlar. 
 
Digər tərəfdən yüksək vəzifədə olarkən həmin şəxslərə tibbi xidmət də yüksək səviyyədə olur. Özünün imkanları geniş olan şəxslər xaricə də gedir. Əvvəllər vəzifəli şəxsin sağlığında problem çıxdıqda bunu hər kəs bilmirdi. Çünki onlar ictimaiyyətə qapalı olurlar. Lakin vəzifədən getdikdən sonra jurnalistlər bu məlumatları daha tez əldə edir və yaymaqda maraqlı olurlar”. 
0