Bu gün general-mayor Polad Həşimovun həlak olmasından 40 gün ötür.
“MediaPost” şəhidin anası Səmayə Həşimova ilə həmsöhbət olub:
“Polad 6 aylıq olanda Qəbələdən Sumqayıta gəlmişik. Bu evdə böyüyüb, bağçaya, orta məktəbə gedib. 28 saylı orta məktəbdə 4 il oxuyub. Həmin vaxt 13 saylı məktəb yeni tikilmişdi, burda məktəb yox idi. Sonra 2 il 33 saylı orta məktəbdə oxuyub Polad. 34 saylı məktəb tikiləndə uşaqları iki hissəyə böldülər; mikrorayonun bir tərəfindəki uşaqqlar 33, digər tərəfinə isə 34 saylı orta məktəbə getdilər. Polad da 1992-ci ildə 34 saylı orta məktəbdə 10-cu sinfə kimi oxuyub. Mən onun hüquq sahəsində təhsil almasını istəyirdim. Dərslərini də çox yaxşı oxuyurdu. “4” qiymət alanda özünü öldürürdü ki, mən niyə bu qiyməti almışam, gərək sabah “5” yazdırım. Tarixi yaxşı oxuyurdu, ingilis, fransız, rus dillərini bilirdi. Kitabxanada oxumadığı kitab qalmazdı. Bu gün kitab götürürdüsə, sabaha onu bitirməliydi. Bununla bərabər bütün dərslərini də oxuyurdu. Axırıncı ili tarix müəllimi deyib ki, mən indi o adama kişi deyərəm ki, hərbi məktəbə getsin. Məktəbdən gələn kimi çantasını yerə qoyub dedi ki, mən hərbiyə gedəcəm. Dedim ki, mənim balam, müharibə illəridir, döyüşlərin qaynar vaxtıdır, getmə. Hüququ oxumalıydın, seçdiyin yoldan niyə dönürsən? Cavab verdi ki, Habil müəllim dedi ki, mən indi kişi o adama deyərəm ki, hərbi məktəbə getsin. Mən o sözü uda bilmərəm. Çox ağladım. Narahat idim, hərbiyə getməsini istəmirdim. Dedi, sənədlərimi aparıb gedəcəm hərbiyə. İmtahan birinci Hərbi Məktəbdədir, əgər keçməsəm, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə verəcəm. Mən də bilirdim ki, o kəsilən deyil. Qəbul oldu. Sonra dərsə başladılar; tez-tez Türkiyəyə kurslara aparırdılar.
“O, cəbhə bölgəsinə gedirdi, o getdikcə də, mən də arxasınca gedirdim”
Beləcə, Ali Hərbi Məktəbi bitirdi. 28 ildə ancaq Murovda, Hacıkənddə, Toğanada, Tovuzda, Daşkəsəndə xidmət eləyib. Cəmi 2 il Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (“Nasosnu”da) və Qusarda işləyib. Qalan bütün illəri cəbhə bölgəsində xidmət edib. O getdikcə də, mən də arxasınca gedirdim. O istəmirdi ki, onun əsgərlərinə nə isə olsun. Onun bir əsgərinə nə isə olsaydı, o, bəlkə də oturub ata kimi ağlayardı... Deyirdi ki, mənim əsgərimə nə isə olmamalıdır. Mən onun evinə - uşaqlarına ərzaq alırdım, o da əsgərlərinə. Bax belə idi əsgərlərinə münasibəti.
“Şəkillərindəki kimi, o, həmişə gülürdü”
Nə qədər hirsli olsa da qapıya gedib çatana qədər əsəbi idi. Əsəbiləşib gedəndə də, nə isə fikirləşib geri qayıdırdı. Uşaqlarından ötəri hər şeydən keçərdi. Ailəcanlı idi. Ailəsinin nədənsə korluq çəkməsinə izn verməzdi. Əsgərlərinə və uşaqlarına eyni gözlə baxırdı. O, uşaqlarına çox tələbkar idi. Qızı hazırda 11-ci sinfə keçir. Yadıma gəlir, özü kimi oxutdururdu uşaqlarını da. Deyirdi ki, oxumalıdırlar. Kasıblıq çəkmirlər ki. Gələndə cürbəcür kitablar alırdı. Üç uşağı vardı, onların hər şeyə hazır olmaqlarını istəyirdi. Polad həmişə dərslərini oxuyub, lakin evdə də işgüzar idi. Biz kasıblıq görmüş ailəyik, özüm zavodda işləyirdim. Deyirdi ki, ana, sənə kömək eləmək istəyirəm. Maraqlı həyat tərzi vardı, uşaqlıqdan idmanla məşğul olub. Futbolu çox sevirdi.
“Dedi, erməninin gözünə bayraq sancmamış çıxa bilmərəm”
Eşidəndə ki haradasa atışma olub, o həyəcanlarımı – narahatlığımı heç kimə ifadə edə bilmirəm, bilmərəm... Səhərə kimi nə həyəcanlar keçirmişəm. Çox çətindi. Hərbçi anası olmaq çox çətindir. Keçən il iyunun 26-da (2019) general rütbəsi aldı. General olandan sonra arxayın idim ki, o, cəbhə bölgəsinə getməz. Çünki illərlə xidməti elə keçib. Aprel döyüşlərində yaralanmışdı. Dedim, daha bəsdir, çıx. Dedi erməninin gözünə bayraq sancmamış çıxa bilmərəm.
Polad Həşimovun anası ilə sonuncu görüşü
Polad martın 2-si gəlib, 3-ü səhər getdi. Gedəndə də, gələcəm yenə, dedi. Mən o vaxtlar xəstəxanadan yeni çıxmışdım, dedi daha tez-tez gələcəm səni görməyə. Getdi, gəlmədi. Ancaq tez-tez zəng edirdi. Danışanda da bilirdim ki, Tovuzda, Qazaxda, Gədəbəydə ön xəttə əsgərlərini yoxlamağa gedir.
Polad Həşimovun anasına sonuncu zəngi
İyulun 10-u zəng elədi mənə. Dedi ki, uşaqları iki günlük kəndə göndərmişəm - Qəbələyə. Xeyli danışdıq. Bacısı Kəmalə də evdə idi, onunla da danışıb zarafatlaşdılar. İyulun 11-i zəng eləmədi. Fikirləşdim ki, yəqin cəbhə bölgəsinə gedib, ona görə narahat eləmək istəmədim. Ayın 12-si eşitdim ki, Tovuzda atışam olub, canıma bir od düşdü ki. Çünki hardasa atışma olanda tez özünü çatdırırdı ora. Zəng elədim, cavab vermədi. 13-ü də həmçinin. Ürəyim partlayırdı. 6 dəfə həyətə düşüb qalxdım. Bilmirdim hara gedim, evdə uşaqlara da demirdim. 14-ü səhər yenə zəng elədim, açmadı. Kəmaləyə dedim ki, sən zəng elə, bəlkə cavab verə. Yenə nəticə eyni. İş yoldaşlarına zəng elədim, heç kim mənim zəngimə cavab vermədi. Haradasa saat 11 olardı. Eyvandan baxanda gördüm ki, tanımadığım adamlar yığışıb. Mənim də ürəyim partlayırdı, az qala özümü öldürüm. Gördüm ki, adamlar bir-bir artır və bizim eyvana baxırlar. Qohumumuz gəldi, dedim yəqin nə isə olub. Yenə Polad haqqında pis şey fikirləşmirdim. Divanda otumuşdum, bir də gördüm ki ev adamla doldu. Məəttəl qaldım. Dedilər ki, Polad yaralanıb, aparırlar Qəbələyə - hospitala. Oturduğum yerdən qalxdım ki, gedim, birdən ağlıma gəldi ki, Qəbələdə hospital var? Bütün ağır yaralıları Bakıdakı hospitala gətirirlər, bəs mənim uşağımı niyə Qəbələyə aparırlar? Ondan sonra kimsə dedi ki, açıq deyin ki, Polad ölüb, Qəbələyə aparırlar. Onda ana necə olar? Gərək onda ölərdim!
“Mən hərbi paltar geyinsəm, nənəmin ürəyi pis olar”
Neçə dəfə nəvələrimə sual veriblər ki, atanın yolunu davam etdirmək böyük oğlu dedi ki, bəlkə davam edərəm atamın yolunu, ancaq balaca dedi ki, yox, mən hərbi paltar geyinsəm, nənəmin ürəyi pis olar. Özü də elə Polada oxşayır, həm görünüşçə, həm də davranışları ilə. Polad da uşaqlıqda balaca oğlu kimi dəcəl idi. Onun da şirin-şirin dəcəllikləri vardı. Balaca oğlu da onun kimidir. Anası bir dəfə ona sillə vurmuşdu, bu da küsüb gizlənmişdi. Bir də gördüm qışqırırdı ki, gəlin məni tapın, görək. Deməli, əvvəlcə balaca stolun üstünə, sonr işa böyük stolun üstünə, oradan da şfonerin üstünə çıxıb ağzıüztə yatmışdı. Mənə çox ləzzət eləmişdi. Böyük oğlu sakitdir.
Polad-Raquf dostluğu
Heç vaxt evdə işi haqqında bir kəlmə də danışmırdı, deyirdi ki, hərbi məsələlər sənlik deyil. Belə oğul idi Polad.
Xalq üçün nə edibsə, bilmirəm. Bunu xalq bilir ki, onlar üçün nə edib. Mənə bununla bağlı da heç nə demirdi. Həlak olandan sonra bildim ki, ölkənin yarısı ilə dostluq edibmiş.
Raquf Orucovla yaxın dost idilər. Raquf Orucov şəhid olanda çox pis olmuşdu. Bilirsiniz, bu da həmin döyüşlərdə idi. Evə gələndə də həmişə Raquf haqqında danışırdı. Aprel döyüşlərində onun nəşini özü çıxarmışdı. İki yerdən yarası vardı oğlumun da. Polada Talış yüksəkliyinin alınmasındakı roluna görə medal vermişdilər. O gün də Raquf Orucovun həyat yoldaşı gəlmişdi.
Şəhid anasından şəhid analarına...
Şəhid analarına demək istəyirəm ki, dözümlü olsunlar, dözsünlər. Amma anadırlar, onlara da çətindir. Mənim üçün də çox çətindir. Həddindən artıq. Lakin dözümlü olmalıyıq.